Qurban Qurbanov üçün "Qarabağ"ın xilas yolları

27 Noyabr 2019 18:22 Avropa Liqası 1 646
Qurban Qurbanov üçün "Qarabağ"ın xilas yolları

(İlk yazının linki burada - https://www.sportinfo.az/idman_xeberleri/avroliqa/72334.html)

Bu vəziyyət “Qarabağ” ilə Bakıdakı oyunda sağ müdafiəçi kimi oynamış əslində hücumçu olan Pozo üçün oyun praktikası şansıdır. Beləliklə, "Sevilya"nın təxmini heyətinə keçsək,aşağı, yuxarı, belə hal yaşanacaq.

Qapıda Yassin Bunu, müdafiənin sağında adını çəkdiyimiz Pozo, solunda Eskude, mərkəzində Serxi Qomeslə yanaşı əslində yarımmüdafiəçi olan Gudelj və ya Kunde yer alacaq. Matçın andalusiyalılar üçün önəmsizliyini nəzərə alsaq, serbiyalı yarımmüdafiəçinin müdafiənin mərkəzində yer alma ehtimalı daha yüksəkdir.

Yarımmüdafiə və hücum xəttini isə Lopeteqinin seçəcəyi taktika müəyyənləşdirəcək. Adətən 4-3-3 gedişinə üstünlük verən ispan mütəxəssis, müdafiədə aşağı blokla (hərəsində 4 oyunçudan ibarət ikili müdafiə xətti) oturan APOEL və "Düdelanj"la ilk oyundan dərs götürərək, son Avropa Liqası matçında 4-4-2 taktiki gedişini tətbiq etdi. Bu zaman Munas Dabburla Munir hücum ikiliyində yer alırlar, onlardan birini isə Çiçarito da əvəzləyə bilər. Hücuma qoşulanda, 4-4-2 bir növ 2-4-4-ə çevrilirdi. Nəticədə isə aşağı müdafiə bloku ilə 4-3-2-1 (əslində 4-5-1) oynayan Düdelanjı say üstünlüyündən mərhum etməyi hədəfləmişdi. Munir, Dabbur və Pozonun fərdi keyfiyyətlərinin lüksemburqlulardan daha çox olduğunu nəzərə alsaq, Lopeteqinin bu taktikası tam şəkildə özünü doğrultdu. Elə “Qarabağ”la Bakıdakı oyunu nəzərə almaqla, ilk 3 oyunda çətinliklə ilk qolu vuran ispanlar, Lüksemburq çempionunun müdafiəsini rahatlıqla yara bildilər və artıq 36-cı dəqiqədə hesab 4:0 idi.

Lopeteqinin “Qarabağ”la da bu taktiki gedişə əl atacağı inandırıcıdır. Onun 4-4-2-sinin müsbət tərəfləri ilə yanaşı zəiflikləri də var. İlk öncə, belə hücum planlı 4-4-2-nin əsas məqsədi rəqiblərin əl atdığı "avtobus-müdafiəni" darmadağın etmək üçündür. Çünki, əslində bu zaman Sevilya həm əks hücumların qarşısında aciz qalır, həm də Lopeteqinin fəlsəfəsinin qayəsi olan topa nəzarət və meydanın mərkəzindəki hakimiyyəti itirmiş olur. Aydındır ki, ispan mütəxəssis ciddi matçlarda bu taktikaya əl atmayacaq. Lakin Qurbanovun yetirmələri ilə matçın andalusiyalılar üçün heç bir əhəmiyyət kəsb etmədiyini və “Qarabağ”ın ilk oyunda da "Sevilya"ya qarşı ehtiyatlı oyununu nəzərə alsaq, Lopeteqi Qurbanovu məhz 4-4-2 ilə cəzalandırmaq istəyə bilər.

Belə olanda, ortadakı "dördlük" daha çox romb şəklində olur. "Düdelanj" ilə oyunda orta dördlük 6 nömrə funksiyasını yerinə yetirən Jordan, nominal "8 nömrələr" Nolito və Rori Lopes və "8-10 nömrə" Oliver Torresdən ibarət idi. Burada Nolitonu "boks-tu-boks" yarımmüdafiəçi kimi görmək təəccüblüdür, lakin Lopeteqi güclü heyəti hədəfləmişdi və 4 yarımmüdafiəçinin onun fəlsəfəsinə uyğun olmadığını nəzərə alsaq, bu başadüşüləndir. Nolitonu daha orqanik şəkildə Franco Vaskes də əvəz edə bilər.

Qurbanovun APOEL ilə oyunun son 15 dəqiqəsində, bizə sərf edən bərabərliyi qorumaq üçün "beşli" müdafiə cəhdi boşa çıxdığından, qat-qat güclü "Sevilya" ilə eyni taktikanın bəhrə gətirə biləcəyi çoxlu suallar doğurur. Əvəzində kompakt 4-1-4-1 və ya daha detallı olsaq, 4-1-2-2-1 Sevilyanın həm 4-4-2, həm də 4-3-3-nə qarşı mövcud resursrlarla tutarlı cavab ola bilər.

(ardı olacaq)

Cavid David Zaidov
Londondan xüsusi olaraq Sportinfo.az üçün

Digər Xəbərlər
Xəbər Lenti