Tovuz futbol məktəbi daim öz yetirmələri ilə seçilib.
Bölgə təmsilçisinin 1994-ci ildə Azərbaycan çempionu adını qazanması, bölgədə yetişən Nizami Sadıqov, Sakit Alıyev, Nizami Ocaqverdiyev, Eltay Aslanov, Kamal Ələkbərov, Etimad Qurbanov, Ruslan Abbasov, Hüseyn Məhəmmədov, Eldəniz Hüseynov, Nadir və Aqil Nəbiyev qardaşları, Vüsal və Xəyal Qarayev qardaşları, Elvin Mmmədov, Vurğun Hüseynov, Cavid Tağıyev, Budaq Nəsirov kimi adların daim elita klublarının aparıcı simaları olması dediklərimizin sübutudur.
90-cı illərdə başqa şəhər və rayonlardan olan bir çox məşhur futbolçuların “Turan”ın formasını geyinməsinin arxasında həm də tovuzlu azarkeşlərin qarşısında oynamaq həvəsi dayanırdı.
Təəssüf ki, son illər Tovuz futbolunda durğunluq yaşanır. Elə buna görədir ki, bu gün Premyer Liqada mübarizə aparan komandanın heyətində 11 legioner yer alır.
Bölgənin yaralı yeri olan məsələ ilə bağlı suallara aydınlıq gətirmək üçün “Turan Tovuz” akademiyasının rəhbəri Eltay Aslanovla həmsöhbət olduq.
Akademiyanın əlaqələndiricisi Ülfət Mədətovla əvəzedici komandanın baş məşqçisi Nizami Ocaqverdiyev də həmin an Aslanovun iş otağında olduğundan, suallarımıza hər üçü öz münasibətini bildirdi.
-Son illər akademiyanın fəaliyyətində canlanma müşahidə olunmaqdadır. Nələrə nail ola bilmisiz?
- E.A.: Əvvəlki illərlə müqayisədə futbolla peşəkar səviyyədə məşğul olan uşaqların sayı kifayət qədər artıb. Ötən ilə qədər hər yaş qrupunda bir komandamız var idisə, bu ildən etibarən 9-14 yaş aralığında olan hər qrupda üç komandamız var. İstedadlı futbolçuları ortabablarla eyni komandada sintez etmişik ki, biri zəif, digəri güclü olmasın. Ən böyük problemlərdən biri istedadlı uşaqların mütəmadi oynayıb, nisbətən zəif olanların az şans qazanmasıdır. Uşaq az oynayırsa inkişaf edə bilməz. Bunu nəzərə alaraq hamısına eyni dəqiqə sayı ilə şans veririk. Bununla yanaşı, 14 yaşa qədər “Turan”, “Huner” və “Məhsul” komandaları formalaşdırmışıq. Bu gün 9-14 yaş qruplarında 220-yə yaxın futbolçumuz var. Planlarımız genişdir, mərhələli şəkildə inkişafa nail olmaq istəyirik.
- Bu, işin sevindirici tərəfidir. Bəs, sizi narahat edən, qayğılandıran məqamlar hansılardır?
- E.A.: Uşaq futbolunda valideynlərlə bağlı kiçik problemlər yaşayırıq. Başa düşürəm, hər bir valideyn övladının oynamasını istəyir. Biri digərindən 5-10 dəqiqə az oynayanda valideynlər tərəfindən təzyiqlər olur. Çox istərdim ki, işə səbrlə yanaşsınlar, anyalışlı olsunlar. Futbolumuzun ən böyük problemi olan süni örtük amilini də qeyd edə bilərəm. Bütün liqalar süni örtüklü meydanlarla keçirilir. Bu problemi aradan qaldırmaq hər birimizin arzusudur. Lakin bunun üçün üçün külli miqdarda vəsait tələb olunur.
- Futbolçular 17-18 yaşa qədər inamla irəliləyib, həmin yaş dövründə bir çoxu itib-batır. Bunun kökündə dayanan başlıca məqam ali məktəb təhsili və hərbi xidmət borcudur. Bu, sizi də narahat edir?
- E.A.: Ən çox bizi narahat edir. Bu problemlərlə bağlı valideynlərlə sıx əlaqədə olmağa çalışırıq. Ali məktəbə qəbul olan futbolçu çətin də olsa futbolla məşğul ola bilir. Yəni birdəfəlik uzaqlaşmır. Lakin hərbi xidmətə yollananlar ilyarım futboldan uzaq düşür. Qayıdandan sonra isə formanı bərpa etmək, həmyaşıdları ilə ayaqlaşmaq müşkülə çevrilir. Təəssüf ki, bu gün hərbiyə bağlı olan klublarımızın sayı azdır. Tək MOİK-lə nəsə etmək çətindir. Bakıda və bölgələrdə nə qədər istedadlı futbolçular var. Sizi inandırım, 17-18 yaşa çatanda yarısını itiririk.
- Gənclərin hərbi xidmət keçməsi üçün müxtəlif komandalar formalaşdırmaq həqiqətənmi çətindir?
- E.A.: Sizi inandırım, belə komandaların sayı çox olsa, bundan ölkə futbolu qazanar. 30 futbolçu əsgərliyini MOİK-də çəkər, digər 30-u “Dinamo”da, əlavə 30 nəfər “Ədliyyə”də. 90 futbolçunu qoruyub-saxlamağı bacarsaq, onlardan azı 20-sini milli səviyyəsinə yüksəltmək mümkündür. İtirə-itirə gedirik deyə, U-19 və U-21 millilərinin məşqçiləri seçim imkanı məhdudlaşır.
- N.O.: Əsgərlik məsələsi dövlət səviyyəsində müzakirə olunsa, biz məşqçilər çox sevinərik.
- Paytaxt klublarında məşqçilərin gileyləndiyi əsas problemlər gənc və yeniyetmə futbolçuların telefon aludəçiliyi, “fast food” yeməklərinə həvəs göstərməsidir. Bu baxımdan bölgədə vəziyyət necədir?
- E.A.: Bu, tək Bakıda yox, ölkədə tüğyan edən problemdir. Bu gün yeniyetmələrin əsas fikri telefonda və quru yeməklərdədir. Hazırda akademiyamızda ətraf şəhər və rayonlardan olan 55 uşaq məskunlaşmaqdadır. Yerli uşaqlar hər gün gedib-gəlir, lakin kənardan gələnlər akademiyada qalır. Onları xüsusi şəkildə nəzarətdə saxlayırıq. Gündə üç dəfə proqrama uyğun qidalanırlar, axşam yatışından əvvəl telefonlar yığışdırılır.
Ü.M.: Əlavə olaraq sosial layihələr təşkil olunur. Bu işlə məşğul olan tərbiyəçi-müəllim cəlb olunub ki, uşaqlarla maarifləndirici işlər görülür. Hər ayın özünəməxsus proqramı var. Müəllim hansı gün hansı mövzudan bəhs edəcəyini yazılı şəkildə tərtib edib bizə təqdim edir. Bir gün vətənpərvərlik, növbəti gün dostluq, daha sonra sağlam qidalanma mövzusunda söhbət aparılır, nümunəvi filmlər nümayiş etdirilir, bəzən bilik müsabiqəsu keçirilir.
N.O: Uşaqlarla akademiyada, yaxud məşqə gəlib-gedəndə məşgiul oluruq. Bəs evə gedəndə necə olur? Valideynlər də eyni cür davranırmı, yaxud davrana bilirmi?
- Gəncləri sosial şəbəkələrdən mümkün qədər uzaq tutmaq üçün hansısa mexanizm var?
N.O.: Bu, cəmiyyətin problemidir, uşaqların yox. Uşağa “əlini telefona vurmaq” demək olmur. Çünki bu dəqiqə hər iş telefondan keçir. Özümüz belə, istifadə edirik. Gərək telefonu birdəfəlik qadağan edəsən, bu da mümkün deyil.
Ü.M.: Razılaşaq ki, telefon və sosial şəbəkələr həyatımızın bir parçasına çevrilib. İşlərimizi həll edirik, dünya baş verən prosesləri öyrənirik, qeydlərimizi aparırıq. Biz gənc olanda mobil telefonlar yox idi deyə, futbola peşə kimi baxırdıq, futbolsuz qala bilmirdik. İndiki uşaqlar futbola öhdəlik, məcburiyyət kimi baxır. Düşünür ki, bu gün 2 saat məşqim olacaq. Qaçıb, işimi görüb, tez gəlim. 80-90-cı illərdə dərsdən gəlib futbol oynayırdıq, evə gedib yemək yeyib yenidən topun dalınca qaçırdıq. Dərslərin bir qismini həll edib yenə futbola tələsirdik.
E.A.: Niyə beləydi? Çünki o dövrdə telefon yox idi, məşğuliyyəti futbolda tapırdıq. Hər gün axşam saat 5-dən 8-ə qədər futbol saatımız idi. Düz-əməlli topumuz da yox idi, tennis topuna oxşayan tüklü topla oynayırdıq.
- Tovuz şəhər stadionunun örtüyünün dəyişdirilməsi səbəbindən arenanın qapıları 3-4 ay bağlı qaldı. Bu dönəmdə aşağı yaş qrupları məşqləri və oyunları harada, necə keçirirdi?
- E.A.: Bununla bağlı çətinliklərimiz çox oldu. Klub rəhbərliyi sağ olsun, alternativ variantlar üçün maliyyə ayırdı. Oyunları Ağstafada oynayırdıq, bu gün də orada oynayırıq. Məşqləri isə müxtəlif yerlərdə - Qaraxanlı kənd məktəbinin ərazisində, Tovuz Olimpiya Kompleksinin meydanında keçirik. Pərakəndəlik olsa da, işin dayanmasına imkan vermədik. Məşqçilərin üzərinə bir az yük düşür, sağ olsunlar, anlayışla qarşılayırlar. Adətən məşqlər saat 5-də başa çatırdı, indi 7-də yekunlaşır.
- Tovuz futbol məktəbi daim öz yetirmələri ilə tanınıb. Son illərdə müəyyən durğunluğun yaşanması göz qabağındadır. Yaxın gələcəkdə milli komandaların sıralarında tovuzlu futbolçuları görmək mümkün olacaq?
- E.A.: Gözləntilərimiz böyükdür. Hazırda aşağı yaş qruplarında istedadlı uşaqların sayı çoxdur. Hər ötən il akademiyadakı uşaqların səviyyəsi artır. Bunun başlıca səbəbi oturuşmuş akademiya sisteminin formalaşmasıdır. Komandaların sayını çoxlatmışıq ki, həm seçim imkanımız çox olsun, həm də istedadlı uşaqlar itməsin.
- Ötən mövsüm çempionluq uğrunda mübarizə aparan “Turan Tovuz-2”nin heyətində kifayət qədər bacarıqlı futbolçular yer almışdı. Bu gün onları I və II Liqa klublarında görürük. “Turan Tovuz”un əsas komandasında oynamalarına kim mane oldu?
- E.A.: Bunun başlıca səbəbi limitin aradan qaldırılması və baş məşqçilərin qarşısına yüksək hədəflər qoyulmasıdır. Tək “Turan Tovuz” yox, əksər klublarımız avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Belə olduğu halda baş məşqçinin rotasiyalar etməsi, əsas komandanı gənclər üçün sınaq meydanına çevirməsi mümkün deyil. Məşqçilər hazır futbolçuya üstünlük verir.
- Bir şey də var ki, limit olan vaxtda da yerli gənclərə şans verilmirdi. Bəlkə azərbaycanlı uşaqların bacarığı Premyer Liqada oynamağa imkan vermir?
- Ü.M.: Futbolçunun Avropa standartlarına cavab verməsi üçün uşaq yaşlarından beynəlxalq turnirlərdə iştirak etməsi mütləqdir. Adi nümunə deyim. Akademiyamızın komandaları qərb bölgəsində iştirak edir. Oyunlar zamanı rəqiblərimizi 5:0, 10:0 hesabı ilə məğlub edirik. Çünki səviyyə baxımından bizdən gerti qalırlar. “Qəbələ”dən niyə bacarıqlı uşaqlar çıxdı? Çünki aşağı yaş qruplarından ibarət komandaların hər biri il ərzində azı iki beynəlxalq turnirdə iştirak edirdi, güclü həmyaşıdları ilə qarşılaşırdı, təcrübə toplayırdı.
- E.A.: Burada söhbət tək futbolçulardan yox, məşqçilərdən də gedir. Azərbaycanlı məşqçilərin ölkədən kənara çıxmaması da buna səbəbdir. Xatırlayıram, bir dönəm oldu ki, “Qarabağ”ın məşqçiləri xarici ölkələrdə ongünlərlə təcrübə topladılar, “Ayaks”ın akademiyasında oldular. Avropada nələrisə öyrənənlər bura qayıdandan sonra klubda tətbiq etməyə başladı. Məşqçilərimizin də maariflənməsinə ciddi ehtiyac var.
Ü.M.: “Qəbələ”də işlədiyim vaxt şəxsən Ukraynanın Donetsk şəhərində “Real Madrid”lə “Çelsi”nin kurslarında iştirak etmişəm. Digər məşqçilər Fransada “Lion”un kurslarında olmuşdu. “Barselona”dan tanınmış üç məşqçi gəlmişdi, 10 gün təlim keçdilər. Beynəlxalq turnirlər və təlimlər mütləqdir.
HƏBİB

