Belə bir anlayış var. “İnsanlar yetişdirilməz, inkişaf etdirilər”.
İnsanlar bitki deyil ki, su verilincə, yetişsin.
Çünki yetişmə daha çox bioloji bir hadisədir. Bəlli bir şərtlər təmin edilən bir vəziyyətdir.
Amma inkişaf elə deyil. İnkişaf öyrənmək ilə əlaqəli hadisədir. İnsanlar nə qədər yaxşı, nə qədər gözəl və nə qədər düzgün şeylər öyrənirlərsə, o ölçüdə yaxşı, o ölçüdə düzgün və gözəl inkişaf etmiş olarlar.
Bu yazımda “Bacarıq və İnkişaf” anlayışından bəhs etmək istəyirəm.
İllərdir yetişdirmək anlayışıyla neçə neçə talantlı uşaq və gənc futbolçularımızın qabiliyyətlərini üzə çıxara bimədik.Bu yetişdirmə anlayışında ancaq calaq ola bilər ki süni yaş azaltmaları futbol və futbolçuların inkişafının qarşısı aldı.
Yetişdirmə üstündə çox durmadan keçmək istəyirəm inkişaf anlayışına. Çünki yetişmə təbiət hadisəsidir.
İnkişaf isə insanın düşüncə qabiliyyətinin sərhədsiz düşünə bilmək və qabiliyyətlərini inkişaf etdirmək bacarığıdır.
İnsanın bu bacarığının qarşısı alına bilməz. Ancaq öyrənmə-öyrətmək prosesi düzgün ölçüdə aparılmasa, qabiliyyətlərinin qarşısı alınar.
Futbolda da öyərnmək-öyrətmək prosesi təməl mövzulardan biridir. Bunun üçün bizə oyunçunun talantını üzə çıxaracaq və bacarıqlarını bilincli şəkildə inkişaf etdirəcək məşqçilər lazımdır.
Talant performansdan asılıdır. Ən asası, məşqçilik bacarığını elmi əsaslara dayanaraq, futbol və bacarığı birləşdirə bilənlər uğur qazana bilərlər. Sadəcə, məşqçilərin olması ilə iş qurtarmır.
Son dövrlər ölkəmizdə stadionların sayının çoxalması ilə övünə bilmərik. Stadionlar tamaşaçılar üçündür. Unutmayaq ki, biz futbolçu inkişafından, futbolumuzun inkişafından danışmaq istəyirik.
Amma bu inkişaf üçün neçə klubumuzun Avropa standartlarında təlim-məşq bazası var və bu bazada qitə futbolu ilə ayaqlaşa bilən futbolçu inkişaf etdirə bilirikmi?
İnkişaf qısamüddətli ola bilməz. Biz insan faktorundan bəhs edirik. Biz insan kimi futbolçu inkişafından bəhs edirik. Onun üçün qısamüddətli 1 il 3 illik inkişaf layihələrindən uzaq durmalıyıq.
Futbol əvvəlcə topa təpik atmaqla başlayar. Sonra isə bu təpik atmağın texnikaya, taktikaya, məşq və oyun bacarığının formalaşmasına, fiziki kondisiyaya çevrildiyi motorik keyfiyyət bacarıqlarının inkişaf etdiyi oyundur.
Uşaqların oyunu böyüklərin oyununa oxşamaz. Onların ayrı bir dünyası və dərketmə qabiliyyətləri var.
Ona görə də onların oyunları və oyunlardakı fərdi bacarıqlarını üzə çıxarmaq və göstərmək arzuları mövcuddur. Onların oyunları futbol elementləri ilə əyləncəli oyunlar verərək öyrənmə və bacarıq mərhələlərini inkişaf etdirməliyik.
Topa təpikatma mərhələsindəki bir uşağa “pas ver” və ya digər texniki-taktiki bacarıqlar öyrədilə bilməz. Öyrətməyə çalışsaq, o uşağı itirərik. Nəticədə itirən əvvəlcə uşaq, sonra isə ölkə futbolu olacaq.
Daha sonrakı mərhələlərdə də eynilə belədir. Məsələn, topla driblinq, fint və ya başqa bacarıqlar nümayiş etdirmək istəyən uşağa taktika öyrədə bilməzsiz.
Öyrətmək mərhələsində edilən səhvlərə görə bu baş verəcək. Öyrətməyə çalışsanız, onun bacarıqlarını qabiliyyətə çevrilməsinə mane olmuş olacaqsız.
Yaxşı pedaqoq-məşqçi öyrədiləcək mövzuları uşaqların inkişaf psixologiyalarına, öyrənmə və inkişaf mərhələlərinə görə təyin etməyi biləndir.
Uşaqları futbola deyil, futbolu uşaqlara görə uyğunlaşdırmaq lazımdır. Düzgün infrastrukturlu təhsilin təməlində bu anlayış dayanır.
Müassir futbolun tələblərini aşağı yaş qruplarından başlayaraq aşılmaq və dəyişən hər bir proses və yenilikləri uşaqları inkişafa aparacaq öyrətmə metotları ilə tətbiq etmək lazımdır.
İstər klub, istərsə milli komandalar səviyyəsində həmişə narazı olduğumuz məqamlar “ustalıq səviyyəmiz çatmadı”, “rəqib bizdən bütün kompanentlərdə üstün idi” fikirləridir.
Mən bu fikirlərə əlavə edərdim - oyun zəkası, sürətli qərar vermək, sürətli oynamaq və kollektiv oyun anlayışı.
Bax, bunların hamısının təməlində qabiliyyət və bacarıqlarına görə inkişaf etdirilməyən, müasir futbolun tələblərinə cavab verməyən anlayış,strategiya və iş prinsibləri dayanır.
Hansısa bir klub strategiyası, oyun fəlsəfəsi, uşaq-gənc futbolçuların inkişaf planı və iş prinsipinə düzgün idarəçilik sistemini həyata keçirərək nail olmaq olar.
Sakit Rzayev
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

