Tarixə yazılan unudulmaz il və ya 2024 - . Səndən gözləntilərimiz çox-çox böyükdür!

1 Yanvar 2024 18:35 Araşdırma 581
Tarixə yazılan unudulmaz il və ya 2024 - . Səndən gözləntilərimiz çox-çox böyükdür!

2023 başa çatdı. Hər ilin ilk günlərində aktual mövzu dönüb geriyə baxmaqdır.

Üzüntü və sevinc dolu hadisələr yaddaşımıza muncuq kimi elə formada düzülür ki, ötən ilin aylarına nəzər yetirməklə bir-bir yada salırıq.

“Ötən il ölkə futboluna nə verdi” sualının cavabını tapmaq üçün yaddaşın itiliyinə bel bağlamağa gərək yoxdur. Məsəldə deyildiyi kimi, kor kor, gör gör.

Azərbaycanın futbol üzrə kişilərdən ibarət milli komandası faciəvi hesablarla məğlubiyyətləri təqvimə yapışdırdığı halda, qızlardan ibarət yığmamız əldə etdiyi uğurlu nəticələrlə adından söz etdirib üzümüzü güldürməyi bacardı. Qızlara əhsən!

Minifutbol millimizin dünya çempionu adını qazanmaq uğrunda qatıldığı yarışda son anda büdrəməsinə, yayda avrokuboklarda iştirak edən 3 təmsilçilərimizdən 2-sinin ən yaxşı halda 1 mərhələ adlamasına hər nə qədər üzülsək də, yenə yaramıza tənzif sarıyan “Qarabağ” oldu.

İllərdir ölkəmizi və ölkəmizin futbolunu Avropada layiqincə təmsil edən “köhlən atlar” bu dəfə də Çempionlar Liqasının qrupuna qatıla bilmədi.

Lakin mübarizə apardığı Avropa Liqasının pley-off mərhələsinə yüksəlməklə ÇL-in qrupundakı mümkün uğursuzluğa “yaxşı ki, olmadı” dedirtdi.

Yeri gəlmişkən, Avroliqanın yaz mövsümünə vəsiqə qazanmaq ölkə futbol tarixinə ilk kimi düşdü.

2023-ün ən yaddaqalan və tarixə qızıl hərflərlə həkk olunan hadisəsi dekabrın 21-də düşmən işğalından azad olunnan Xankəndidə futbol matçının keçirilməsi idi.

Ölkə kuboku çərçivəsində Ağdamı təmsil edən “Qarabağ”la şanlı Azərbaycan ordusunun futboldakı təmsilçisi Milli Ordu İdman Klubunun (MOİK) qarşılaşmasının əhəmiyyəti hər nə qədər böyük idisə, Azərbaycan Prezidenti İlham Əliyevin həmin gün oyunu tribunada şəhid övladları ilə yanaşı izləməsinin bəxş etdiyi gözəllik sözlə ifadə edilməsi qədər çətin hislər idi.

Dekabrın 16-da güclü küləyin Tovuz şəhər stadionundakı işıq dirəklərindən birini meydana aşırması ölkəyə səs saldı. Lakin bunun özündə də bir xoşbəxtlik vardı.

Dirəyin tribunaya yox, meydana aşması, həmin vaxt orada futbolçulardan heç kimin olmamasının özü də əlamətdar hadisə kimi yadda qalacaq. İllər sonra danışılanda dirəyin aşmasından çox insan tələfatının olmamasından söz açılacaq.

2024, xoş gəlib, səfa gətirirsən. Səndən gözləntilərimiz çox-çox böyükdür. Arzularımızın çin olması diləyi ilə...

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti