İlkin Fikrətoğlu - 2023-cü ildə yaşadığımız sevincli və kədərli anlar, istefalar, ümidlər…

31 Dekabr 2023 22:00 Araşdırma 925
İlkin Fikrətoğlu - 2023-cü ildə yaşadığımız sevincli və kədərli anlar, istefalar, ümidlər…

21-ci əsrin 23-cü ili başa çatmaq üzrədir.

Ənənəvi olaraq ilin yekunlarına nəzər salmaq vaxtıdır.

2023 Azərbaycan futbolunda nələrlə, hansı hadisələrlə yadda qaldı?

ÇEMPİONAT VƏ KUBOK
2015/16-cı illər mövsümündən bu yana - düz 6 illik aradan sonra ilk dəfə 10 komandanın iştirakıyla keçirilən Premyer Liqada çempionluğu, gözlənildiyi kimi, «Qarabağ» qazandı. Bu, Ağdam təmsilçisinin yubiley - 10-cu çempionluğu idi. Mövsümün bombardirləri də «Qarabağ»lılar oldu. 35 oyunda 22 qol vuran Ramil Şeydayev «qol kralı» oldu. Musa Qurbanlı isə ondan 1 top az vurmaqla, komadasının çempionluğuna tövhəsini verdi. Çempionatda ikinci yeri «Sabah» tutdu. Murad Musayevin komandası «Qarabağ»la mövsümboyu rəqabət aparsa da, yekunda 9 xal geri qalmaqla gümüş medallara layiq görüldü. «Qarabağ»ın əzəli rəqibi «Neftçi» isə bu mövsüm də fanatlarını məyus edərək, çempiondan 22 xal geri qaldı və təsəllisi bürünc medallar oldu. «Qəbələ» 4-cü yer uğrunda mübarizədə «Zirə»ylə sona qədər amansız mübarizə apardı və yekunda məqsədinə çatdı. Amma Elmar Baxşıyevin komandası Avropaya kubok xətti ilə getdi. 1/8 finalda «Araz-Naxcıvan»ı, 1/4 finalda «Qarabağ»ı mübarizədən kənarlaşdıran «Qəbələ» yarımfinalda «Səbail»i, finalda isə «Neftçi»ni üstələyərək, tarixində ikinci dəfə ölkə kubokuna sahib çıxdı.

AVROKUBOKLAR
Təəssüf ki. Avropada yenə «Qarabağ»dan başqa üzümüzü güldürən olmadı. «Qəbələ» Konfrans Liqasında tam bir fiasko yaşadı. Kuboku qazanan heyəti büdcənin azlığı səbəbindən qoruya bilməməyin acı nəticəsi avrokuboklarda özünü göstərdi, indi də çempionatda göstərməkdədir. Yaxşı vaxtlarnda Yunanıstan və Kipr klublarına gücünü göstərən «Qəbələ» bu dəfə «Omoniya» qarşısında aciz qaldı: evdə 2:3, səfərdə 1:4. Konfrans Liqasndakı digər təmsilçilırimizdən «Neftçi» ikinci təsnifat mərhələsində Bosniya Herseqovinannı nüfuzlu komandalarından «Jelezniçar»ı mübarizədən kənarlaşdırdı. Sarayevoda 2:2 , Bakıda 2:0-lıq qələbə. Amma «Beşiktaş»la oyunlarda «Neftçi» türkiyəli kardeşlərimizə sürpriz edə bilmədi. İki oyunun nəticəsinə görə 2:5 hesablı məğlubiyyət və əlvida Avropa! Çempionatın gümüş medalçısı «Sabah» tarixində ilk dəfə iştiak etdiyi avrokuboklarda heç də «qapazaltı debütant» rolunu oynamadı. İlk rəqibi - Latviyanın RFS klubunu səfərdə 2:0, evdə 2:1 məğlub edən Murad Musayevin komandası avrokubokda debütdə mərhələ adlayan 2 Azərbaycan klubundan biri oldu. Üçüncü təsnifat mərhələsində «Sabah»ı təcrübəli və təhlükəli Serbiya «Partizan»ı gözləyirdi. Masazırdakı oyunda «Sabah» güclü rəqibinə meydan vermədi. Əla oyun və buna uyğun qələbə – 2:0. Təəssüf ki, əksəriyyət artıq pley-offdakı rəqibi gözlədiyi halda, serblər cavab matçında revanş ala bildi. İlk oyunun əksinə, bu dəfə «Partizan» Belqrada «Sabah»ı meydandan «sildi». Əsas vaxtda 0:2 hesabıyla uduzan «Sabah» penaltilər seriyasında Namiq Ələsgərovun qaçırdığı zərbəylə avrokuboklarla vidalaşdı. Amma debüt ili ücün belə çıxışı alqışlamaq olar.

Beləcə, Avropada yenə tək təmsilçimiz «Qarabağ» qaldı. «Qarabağ» Çempionar Liqasının ikinci təsnifat mərhələsində Polşa çempionu «Rakov»a uduzmaqla bizi məyus etsə də, Avropa Liqasındakı möhtəşəm çıxışı ilə azarkeşləri sevindirdi. Finlandiya HİK-ini və Sloveniya «Olimpiya»sını mübarizədən kənarlaşdıran Ağdam klubu Norveç «Molde»si və İsveç çempionu «Hakkeni» qabaqlayaraq, tarixində ilk dəfə Avroliqada qrup səddini aşdı. İndi onları fevralda Portuqaliya «Braqa»sı ilə çətin pley-off qarşılaşmaları gözləyir.

MİLLİ KOMANDA
Bitməyən dərdimiz - milli haqqında yaxşı danışmaq ücün yenə ciddi əsaslar yoxdur. Komanda 2023-cü il ərzində 1 yoldaşlıq, 8-i seçmə matç keçirdi, bunlardan 3-də qələbə qazandı, 5-də uduzdu, birində heç-heçə etdi. Yoldaşlıq oyununda İordaniyanı, seçmə mərhələdə isə Estoniya və İsveç üzərində qələbələr. İsveç üzərində 3:0 hesablı qələbə millinin ən yaddaqalan uğurlarından biri kimi yaddaşlara yazıldı. Təəssüf ki, bu da ötən illərdəki kimi təsadüfi qələbələrdən biri olaraq qəbul edildi. Çünki elə İsveç, Avstriya, Belçika ilə səfər oyunlarının hamsında Canni De Byazinin komandası darmadağın edildi. Ümumilikdə, qrupda 8 oyunda 7 qol vuran yığmamız qapısından 17 top buraxdı və yalnız Estoniyanı qabaqlayaraq, dördüncü oldu.

İSTEFALAR
Millinin çıxışı futbol ictimaiyyətində də, mediada da birmənalı qarşılanmadı. “Estoniyanı istənilən azərbaycanlı məşqçi də qabaqlayar, bunun ucun italyana nə ehtiyac var” məntiqi əksər beyinlərə hakim kəsildi. Üstəlik, baş məşqçi Canni de Byazi son aylarda davranışına nəzarəti itirmişdi. Və ya bilərəkdən həddini aşırdı. Lazımsız yoldaşlıq oyunlarındakı qələbələrdən sonra “Azərbaycanm yığmasını nə vaxt belə görmüşdüz?” mesajı ilə publikaya meydan oxuyan qoca italyan son oyunlarda - Talinn, Bakı və Brüsseldəki mətbuat konfranslarında jurnalistəri təhqir etməkdən belə, çəkinmədi. Brüsseldə ona ünvanlanan «biz 3 ildə sizə 3 milyondan artıq pul verdik, bəs siz Azərbayacn futboluna nə verdiz» sualına cavab verməkdənsə, oradakı jurnalistləri «axmaq» adlandırıb, mətbuat konfarsını yarımçıq tərk etdi. Bu, onun son gedişi oldu. Byazinin hərəkəti hətta AFFA prezidenti Rövnəq Abdullayevi də necə qeyzləndirdisə, İcraiyyə Komitəsinin fövqəladə iclası çağrıldı, səhəri gün de Byazinin istefa verdiyi açıqlandı. Beləliklə, 3 ildən sonra komandamızın yaxası pulumuzu yeyib özümüzə minnət qoyan italyandan qurtardı, amma qarşıda milliyə bundan da betər təyinat olmayacağına zəmanət yoxdur. İlin ən cox istefa xəbəri cıxan futbol qurumu isə «Neftçi» PFK oldu. Komandanın həm çempionat, həm də kubokda titulsuz qalması azarkeşlərin qəzəbini coşdurdu, medianın tənqidini gücləndirdi. Yayda «Neftçi» fanatlarının səbrsizliklə gözlədiyi baş verdi. Klub prezidenti Kamran Quliyeivn 5 illik fəaliyyətinə son qoyuldu. Ondan 1 ay əvvəl isə rumın baş məşqçi Laurentsu Regekamp və onun özüylə vətənindən gətirdiyi 4 köməkçi yola salındı. Əvəzində digər bir rumın - ötənlərin məşhur futbolçusu Adrian Mutu baş məşqçi təyin olundu. Amma futbol oyanamq başqa, məşqçilik başqa. Mutu «Neftçi»ni mutlu edə bilmədi və cəmi 5 aydan sonra - bugünlərdə «ağ qaralar» onunla da yollarını ayırdı. Təsəvvür edin, «Neftçi» - «Kəpəz» matçından sonra Mutunun köməkçisi həvəslə oyun haqda fikirlırini bildirir, o zalı tərk edincə, nümayəndələr hay-küylə içəri daxil olub, yeni baş məşqçi Miodraq Bojoviçi mediaya təqdim eləyir. Demək, hər şey əvvəldən ölcülüb-biçilib hazırlanıb. Anasının vəfatı ilə əlaqədar Rumıniyaya getdiyi bildirlən Mutunun yerinə artıq bir necə gün əvvəldən namzəd tapılıbmış. Mutu «Neftçi»ni mutlu edə biımədi, ümid edək ki Bojovicə görə də rəhbərlik «boje moy» deyib, başını tutmayacaq. Amma monteneqrolu məşqçinin cv-sinə baxanda heyrətlənməyə bilmirsən - 22 ildə 21 klub dəyişib. Ən çox işlədiyi komandada 2 il qalıb. Daha «keçmiş olsun» deməkdən də keçib, Allah köməyin olsun, «Neftçi»!

Bir ildə 2 baş məşqçini istefaya göndərən təkçə «Neftci» olmadı. Ölkənin digər köklü klubu «Kəpəz» də eyni addımı atdı. Klubu ölüm-zülüm Premyer Liqada saxlayan Tərlan Əhmədov hörmətsizcəsinə yola salındı. 9 iyun gunorta saytlarda Tərlan Əhmədovun “klub prezidenti İlqar Nadirliylə görüşümüz oldu, gələcək planları müzakirə etdik, işimin başındayam“ açıqlaması yayıldı, 3-4 saat sonra Əhmədovun istefaya göndərilməsi medianın baş xəbəri oldu. Onun əvəzinə gətirilən Azər Məmmıədov isə 5 ay tamam olmamış - noyabrın 5-də uğursuz nıəticələrə görə postundan ayrılmalı oldu və komanda Adil Şükürova tapşırıldı.

AFFA
Elxan Məmmədovun AFFA-dan əlinin üzülməsindən sonra assosasiya sanki uzunmüddətli letargiya yuxusundan ayılıb. Baş katib Sərxan Hacıyev ona bu postda verilən ilyarımlıq şansdan maksimum istifadə etməyə çalışır, sələfi Elxan Məmmədovdan fərqli, necə işləmək lazım olduğunu göstərir. AFFA-da qəbul edilən qərarlar Peşəkar Futbol Lqasının da səmərəli fəaliyyətinə təkan verir. 2023-cü ildə uzun fasilədən sonra Premyer Liqada idman prinsipi bərpa olundu. «Şamaxı» yüksək liqanı tərk etdi, I Divizioonun çempionu «Araz-Naxcıvan» elitaya yüksəldi. Dünyada analoqu olmayan yarışa - əvəzedicilərlə I Divizion komandalarının bir çempionatda oynamasına son qoyuldu. Divizionların adı dəyişdirilib «liqa» adlandırıldı. I Liqada 7-si əyalətdən olmaqla, 10 komandanın iştirakı təsdiqləndi. Müstəqil Azərbaycan futbolunda yalnız bir dəfə - 1995-96 mövsümündə təşkil edilən II Liqa 27 illik həsrətdən sonra yenidən -14 komandanın iştirakıyla bərpa olundu. Bütün liqaların təmsilçilərinin - 34 klubun Azərbaycan Kubokunda iştirakı təmin edildi ki, bu da son 17 mövsümün rekordu oldu. Sonuncu dəfə 2006/2007 mövsümündə kubok uğrunda 35 komanda mübarizə aparmışdı. Bütün bunlar AFFA-da illərlə kök atmış Elxan Məmmədovun Azərbaycan futboluna necə ağır zərbələr vurduğunu, necə il geriya atdığını bir daha təsdiqlədi.

İTKİLƏR, HADİSƏLƏR
Bu ilin mayında «Qarabağ»ın əvəzedici komandasının oyunçusu Şirxan Hıəsənzadənin qəfil vəfatı hamını sarsıtdı. Gənclər yığmasına da dəvət alan 21 yaşlı futbolçunun məşq zamanı ürəyi dayandı. Bir neçə gün komada qalan gənci, təəssüf ki, həyata qaytarmaq mümkün olmadı. Azərbaycan futbolunda «Şako» ləqəbiylə tanınan Şəhriyar Rəhimovun 34 yaşında dünyasını dəyişməsi də futbol camiəsinə dərin kədər yaşatdı. Milli komandanın heyətində 9 oyuna çıxan müdafiəçi oyunuyla yanaşı, davranış və tərbiyəsi ilə hamının hörmətini qazanmşdı. Allah həm Şirxana, həm də Şəhriyara rəhmət eləsin!
Azərbaycan futbolu daha bir sarsıntını bir necə gün əvvəl yaşadı. Peşəkar Futbol Liqasının bütün rəhbər heyəti - qurumun prezidenti Elxan Səmədov, vitse prezident Aslan Şahgəldiyev, texniki idman şöbəsinin direktoru Elgiz Abbasov, icraçı-direktor Zaur Hacı-Məhərrəmov və mətbuat xidmətinin rəhbəri Sənan Abdullayev Bakıdan Xankəndiyə – «Qarabağ» - MOİK matçının təşkili ilə əlaqədar səfər edərkən, Ağdam rayonu ərzisindı qəzaya uğradı. Ağır xəsarətlərə baxmayaraq, xoşbəxtlikdən ölüm olmadı. İndi də Aslan Şahgəldiyevlə Elxan Səmədovun müalicədi klinikada davam etdirilir. Digər PFL rəsmiləri isə evə buraxılıb. Hamısına Allahdan şəfa diləyirik.

Azərbaycan futbolunda ilin hadisəsi isə təbii ki, Xankəndidəki matç - Azərbaycan Kubokunun 1/8 final mərhələsinin «Qarabağ» - MOİK oyunu oldu. Bəlkə bunu hec yuxuda da görə bilməzdik, qəhrəman şəhidlrimizin, cəsur oğullarımızın sayəsində gördük. Burada sonuncu dəfə 1987-ci ildə - Qazax «Göyəzən»i Xankəndi «Qarabağ»ına qarşı oynamışdı. 36 illik həsrətdən sonra bu torpağa yenidən Azərbaycan futbolçularının ayağı dəydi. Tarix oyunda topa ilk zərbəni də Qarabağdakı zəfərin memaırı - Ali Baş Komandan, Prezident İlham Əliyev vurdu. Tarixi torpaqlarımıza qovuşmağımızın səbəbkarları - əziz şəhidlərmizin övladları da burada - fəxri qonaqlar sırasında aidi. Dövlət başçısı və 1-ci vitse prezident Mehriban xanım Əliyeva ilə birgə oyunu izlədilər. Məhz bu oyun üçün Xnkəndinə səfər edən 4500 insanın və teeviziya qarşısındakı yüzminlərlə vətəndaşımızın keçirdiyi hissləri ifadə etməyə, məncə, söz acizdir. Bu hisslər hec nəylə müqayisəyə gəlməz. Torpaqlarımız tam azad olundu, qaldı futbolumuzun yararsız kadrlardan, dağıdıcı qüvvələrdən azad olunması.

İnanırıq ki, o da 2024-də olacaq. Martda AFFA-da seçkilərdir. Gələn dekabrda ilin yekunlarıyla bağlı sujet hazırlayanda futbolumuzda 2024-ün əsas hadisəsi kimi Azərbaycan futbolunda Rövnəq Abdullayev-Elxan Məmmədov hakimiyyətinin bitməsini qeyd etmək arzusu ilə...

İlkin Fikrətoğlu

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti