“Qarabağ”ın Avropa Liqasının 1/16 final mərhələsindəki rəqibinin adına aydınlıq gəlib.
Nyondakı püşkatmanın nəticələrinə əsasən, təmsilçimiz 1/8-ə vəsiqə yolunda “Braqa” ilə münasibətlərinə aydınlıq gətirəcək.
Ölkə futbolsevərləri Portuqaliya təmsilçisi haqda ümumi bilgilərə sahibdir. Lakin elə məlumatlar var ki, onlara toxunmadan keçmək mümkün deyil.
1921-ci ildə yaranmış “silahlılar” ölkəsinin ən köklü klublarından hesab olunur. Braqanı təmsil edən klub zəngin tarixə malik olsa da, indiyə qədər heç vaxt ölkə çempionu ola bilməyib.
Bir dəfə gümüş, üç dəfə bürünc medallara sahib olan “Qarabağ”ın rəqibi üç dəfə ölkə kubokunun, iki dəfə liqa kubokunun qalibi adını qazanıb.
Beynəlxalq uğurlara gəlincə, 2011-ci ildə Avropa Liqasının finalında “Portu”ya uduzan “Braqa”, 2008-ci ildə İntertoto kubokunu muzeyinə aparıb.
Avrokuboklarda 1966-cı ildə debüt edən braqalıların parlaq çıxışı 2006-cı ildən bu yana olan 17 illik tarixi əhatə edir. Məhz bu dönəmdə az qala hər il qrup mərhələsində oynayıb, ən pis halda pley-offa yüksəlirlər.
Komanda cari mövsümdə mübarizəyə Çempionlar Liqasının 3-cü mərhələsindən start verib. Burada Serbiya TSC komandasını mübarizədən kənarlaşdırıb, pley-offda “Panatinaikos”u üstələyib bir nömrəli klub turnirinin qrup mərhələsinə vəsiqə qazanıb.
Burada “Real Madrid”, “Napoli”, “Union Berlin” kimi rəqiblərlə mübarizə aparan portəgizlər almanlarla oyunlarda qazandığı 4 xal hesabına qrupu 3-cü sırada tamamlayaraq Avropa Liqasının 1/16 final mərhələsinə yuvarlanıb.
“Braqa”nın çempionatdakı işlərinin pis getdiyini deyə bilmərik. Ötən mövsümü bürünc medallarla başa vuran kollektiv cari birincilikdə 14 oyundan sonra 29 xalla 4-cü sırada yer alıb.
“Silahlılar”ı lider “Benfika”dan cəmi 4 xal ayırır. Yeri gəlmişkən, püşk atılan gün “Braqa” doğma meydanda “Benfika”ya 0:1 hesabı ilə uduzub.
Komandanın baş məşqçisi Artur Jorjedir. 51 yaşlı mütəxəssis ötən ilin iyunundan əsas komandaya rəhbərlik edir. O, buna qədər 2020-ci ildə qısa müddətdə baş məşqçi səlahiyyətlərini yerinə yetirib.
Heyətə gəlincə, komandada az qala dünyanın bütün ölkələrindən futbolçular cəmlənib. İspaniyadan olan oyunçuların sayı 4, Braziliyanı təmsil edənlərin sayı 3-dür.
Çexiya, Türkiyə, İsveç, Kolumbiya, Mali, Uruqvay, Qvineya-Bisau, Liviya, Seneqal, Konqo kimi ölkələrdən olanları da nəzərə alsaq, “Braqa”da olan əcnəbilərin sayı 17-dir.
“Qarabağ”ın rəqibinin əh təhlükəli adamı Simon Banzadır. 27 yaşlı ucaboy hücumçu ötən yayda komandanın uğurları üçün tər tökür.
Ötən mövsüm çempionatda 30 oyunda 11 qol vurmağa nail olmuşdusa, cari çempionatda 14 qarşılaşmada 13 dəfə fərqlənib. Buna baxmayaraq, Simon indiyə qədər avrokuboklarda qol hesabını aça bilməyib.
Kapitan Rikardo Hortadan xüsusilə ehtiyatlanmaq lazımdır. Hücumun sağ qanadında çıxış edən 29 yaşlı futbolçu 2016-cı ildən “Braqa”nın formasını geyinir və geridə qalan müddətdə 118 qola imzasını yazdırıb. Bu qollardan 19-nu avrokuboklarda vurub.
Komandanın ən stajlı oyunçusu Joze Fontedir.
Vaxtilə Premyer Liqada “Sauthempton”la “Vest Hem”in, Liqa-1-də uzun illər “Lill”in uğurları üçün tər tökən Portuqaliya yığmasının üzvü bu ilin yayında 39 yaşında 16 illik fasilədən sonra vətəninə qayıdaraq “Braqa” ilə sözləşmə imzalayıb. Və hazırda əsas heyətin dəyişməz üzvlərindən sayılır.
“Braqa” ilə “Qarabağ” arasındakı Portuqaliyada baş tutacaq ilk oyun fevralın 15-də, Bakıdakı cavab görüşü bundan bir həftə sonra keçiriləcək.
HƏBİB / SPORTİNFO.AZ

