“Oyunun favoriti “Qarabağ”dır” – Futbol bilicilərinə 3 sual

11 Sentyabr 2021 19:00 Araşdırma 1 344
“Oyunun favoriti “Qarabağ”dır” – Futbol bilicilərinə 3 sual

Cari mövsümün ilk derbisi sabah oynanılacaq.

Əzəli rəqiblər – “Neftçi”ylə “Qarabağ” bu dəfə “Bakcell Arena”da münasibətlərinə aydınlıq gətirəcək.

Mərkəzi qarşılaşmadan öncə proqnozlar və ehtimallar müxtəlifdir. “Qarabağ”ın qələbəyə sevinəcəyini iddia edənlər kimi, ötən mövsümün çempionunun 3 xalı bayram edəcəyini düşünənlər var.

Maraqlı olacağını nəzərə alıb, önəmli dueldən öncə futbol bilicilərinə 3 sualla müraciət etdik.

Cavablar müxtəlif oldu.

1. Favorit qismində hansı komandanı görürsüz?

2. Oyunda hansı hesab qeydə alınacaq?

3. Matçda həlledici amil nə(lər) olacaq?

Rəşad Ergün, idman jurnalisti

1. Oyunun favoriti mənə görə "Qarabağ"dır.
2. Düşünürəm ki, oyunda böyük hesab qeydə alınmayacaq. "Qarabağ"ın minimal hesabla qələbə qazanacağına, bir az da olsa, heç-heçə qeydə alına biləcəyinə inanıram.
3. Azərbaycan Premyer Liqasında taktika-filan, bunlar çox da işləmir. Məncə, oyunun taleyini həll edəcək əsas məqam hansı komandanın qələbəni daha çox istəməsi olacaq. Yəni bir növ psixoloji amillər həll edəcək matçın taleyini.

Şahin Diniyev, futbol mütəxəssisi

1.Öncəki mövsümlərdə bu komandaların oyunundakı favoriti rahat açıqlamaq olurdusa, indiki vəziyyət fərqlidir. Hər iki komanda son dövrlər özünəməxsus oyun üslubu ilə fərqlənir. Ortada prinsipiallıq var. Hər iki komanda sevinə bilər. Ona görə də favoritin adını deyə bilməyəcəm.

2. Böyük hesablı nəticə qeydə alınmayacaq. Oyunda az top vurulacaq. Hansısa biri minimal hesablı qələbəyə sevinə bilər. Ancaq hansının udacağını söyləmək çətindir. Heç-heçə variantı da real görünür.

3. Psixoloji amil həlledici ola bilər. Çünki söhbət prinsipial oyundan, əzəli rəqiblərin duelindən gedir. Psixoloji baxımdan daha hazır olan qələbə qazanacaq. Lakin məşqçilərin üzərinə yük düşəcəyini də deməliyəm. Taktiki mübarizə, oyuna müdaxilə - bunlar çox vacibdir. İlk qol ciddi əhəmiyyət daşıyacaq.

İlham Yadullayev, futbol mütəxəssisi

1. Mənə görə bu gün “Qarabağ” bu oyunun favoritidir.

2. Hesab proqnozu verməyi xoşlamıram. Lakin “Qarabağ”ı favorit görüyüm üçün, fikrimcə, qələbəni də onlar qazanacaq. Heç-heçə də qeydə alına bilər.

3. Fikrimcə, psixoloji amil sözünü deyəcək. “Qarabağ” Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazandığı halda, çempion “Neftçi” yekunda uğursuzla üzləşdi. Bu amilin bakılıların oyununa hansısa mənada təsiri ola bilər. Bu dəqiqə psixoloji üstünlük “Qarabağ”ın tərəfindədir. İstənilən halda, maraqlı qarşılaşma izləyəcəyik.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti