İlham Əliyevin hakimiyyəti dövründə yetişən qəhrəman gənclik....

18 Yanvar 2021 10:50 Araşdırma 482
İlham Əliyevin hakimiyyəti dövründə yetişən qəhrəman gənclik....

Bu sözləri ötənlərdə çox eşitmişdik: “Bu gənclik Qarabağda döyüşəcəkmi?”; “Qarabağı görməyən gənclər o torpaqları sevəcəkmi?”; “Gənclər vətənpərvər yetişmir, nə olacaq bunlardan...” Son 15-20 ildə tez-tez səslənirdi bu kimi fikirlər.

Əslində, tarixən yaşlı nəsillə gənclik arasında bu cür dartışmalar olub.

Vətənpərvərlik, Qarabağ söhbətlərində isə olduqca sərt mövqelər səslənirdi bu cür mübahisələrdə.

Bəzi mxalif qüvvələr hətta belə iddialar da səsləndirirdilər ki, Azərbaycan hakimiyyəti qəsdən gənc nəslin vətənpərvər ruhda yetişməsini istəmir, gələcək nəsillər təslimçi sülhə hazırlanır və s.

Lakin biz nəyin şahidi olduq? 27 sentyabrdan 10 noyabradək davam edən İkinci Qarabağ Savaşında gənclərin hansı əhval-ruhiyyədə olduğunu hamımız gördük və qürurlandıq. Bütövlükdə cəmiyyət yumruq kimi Ali Baş Komandanın ətrafında birləşdi, gənclər isə Qarabağda savamaq üçün hərbi komissarlıqların qarşısını kəsdirib, az qala dava salırdılar ki, niyə qonşum aparıldı, mən qalmışam...

Sirr deyil ki, 44 günlük müharibədə döyüşənlərin, qəhrəmanlıq göstərən əsgər və zabitlərin böyük əksəriyyəti məhz gənclər idi. 18-35 yaş arası vətəndaşlarımız daha üstünlük təşkil etdi döyüşlərdə, əsgər, zabit olaraq...

Habelə, qələbə yürüşlərində öndə gedənlər, orduya dəstək mitinqlərində çoxluq təşkil edənlər də əsasən 20-30 yaşlı gənclər idi...

Ali Baş Komandan, Prezident İlham Əliyev yanvarın 14-də Şuşada səfərdə olarkın bu məsələyə toxunub. O qeyd edib: “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi. Gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, bütün xalqımız, bütün etnik qrupların nümayəndələri, bütün dinlərin nümayəndələri bir yumruqtək birləşib. Qələbəmizin rəmzi təsadüfən yumruq seçilməyib. Mən demişəm, burada - Cıdır düzündə bir daha demək istəyirəm ki, bu yumruq, həm gücdür, həm birlikdir. Onsuz da bizdə birlik kifayət qədər yüksək səviyyədə idi, bundan sonra daha da güclü olacaq. Birliyi olan ölkələr qələbə qazanırlar. İradəli olan liderlər qələbə qazanırlar. Heç nəyə baxmayan, heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən liderlər qələbə qazanırlar. Azərbaycanın timsalında bunu hər kəs gördü”...

Olduqca ciddi məsələdir və bir daha aydın olur ki, İlham Əliyevin hakimiyyəti dövründə gənclik siyasəti özünü doğruldub. Aydın olur ki, birbaşa Ali Baş Komandanın həssaslıqla yanaşdığı vətənpərvərlik məsələsi istiqamətində görülən işlər öz bnəhrəsini verib. Biz Prezidentin gənclər siyasəti ilə bağlı maksimum sərt, keçilməz, milli ruhlu mövqeyinin də şahidi olmuşuq.

1. 29 yanvar 2016-cı ildə Prezident bir qrup gənclə görüşündə kifayət qədər açıq danışmışdı. Sitat: “Bəzi xarici dairələr gənclər arasında iş aparırlar və aydındır ki, bunun məqsədi nədir. Məqsəd özləri üçün dayaq yaratmaqdır. O dayaq ki, nə vaxtsa işə salına bilər. Amma gənclər milli ruhda böyüyəndə əlbəttə ki, xarici təsirin heç bir əhəmiyyəti olmayacaq. Ona görə vətənpərvərliyi, milli dəyərləri, ənənələri qorumalıyıq və biz qoruyuruq. Əsas budur. Bugünkü Azərbaycan iqtidarı bu sahəyə çox böyük diqqət göstərir. Elə etməliyik ki, bu, davamlı olsun. Bizdən sonra hakimiyyətə gələn nəsil də bu amalla yaşasın - dövlətçilik, milli maraqlar, azərbaycançılıq, ləyaqət və güclü dövlət”.

2. 16 iyul 2020-ci ildə Prezident İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib: “Bir müddət xarici ölkələrin kütləvi informasiya vasitələri bizə qarşı çirkin kampaniya aparırdı - həm elektron, həm yazılı kütləvi informasiya vasitələri. Biz bu kütləvi informasiya vasitələrinin hansı mənbələrdən maliyyələşdiyini də bilirik. Bunun heç bir faydası olmadı, əksinə, Azərbaycan ictimaiyyəti çox yaxşı dərk edirdi, başa düşürdü ki, bunun məqsədi nədir - Azərbaycanı zəiflətmək, Azərbaycanda xaos yaratmaq, Azərbaycanı 1990-cı illərin əvvəllərinə qaytarmaq və ondan sonra bu imkanlardan istifadə edib öz maraqlarını təmin etmək. Bu keçməyəndə isə növbəti çirkin üsullara əl atıldı. Özlərini azərbaycanlı kimi təqdim etməyə çalışan, ancaq mənəvi cəhətdən eybəcərliyin rəmzinə çevrilmiş antimilli ünsürlər indi xarici xüsusi xidmət orqanlarının rəhbərliyi altında Azərbaycana qarşı çirkin kampaniya aparırlar. Bu, düşünülmüş siyasətdir və əslində, bu siyasətin məqsədi Azərbaycan xalqının əsrlərboyu qoruduğu milli dəyərləri sarsıtmaqdır, bizim mənəvi sütunlarımızı dağıtmaqdır. Çünki Azərbaycan xalqının mentaliteti bunu inkar edir. Heç vaxt bizim tariximizdə belə çirkin üsullardan, yalanlardan, böhtanlardan istifadə edilmirdi. Bu, bizə xaricdən idxal edilir. Ona görə bizim diplomatlarımız buna qarşı fəaliyyət göstərməlidirlər. Yoxsa ki, "dəymə mənə, dəyməyim sənə” prinsipi ilə işləmək olmaz”...

Bu cür nümunələr, açıqlamalar kifayət qədərdir və onların hamısını sadalamağa ehtiyac yoxdur. Aydın məsələdir ki, gənclər, vətənpərvərlik, milli ruhun yüksəldilməsi məsələsində Prezident birbaşa nəzarətçi olub və bu istiqamətdə onun hakimiyyətdə olduğu illər ərzində xeyli sayda proqramlar icra olunub. Kimlərsə zamanında tənqid də edirdi ki, “gənclərlə bağlı bu qədər layihələr, QHT-lərə vəsaitlər ayrılması nəyə lazımdır, nə faydası var” və s. İqtidarın opponentləri də bəzən vətənpərvər gəncliklə bağlı tənqidlər edirdilər. Hətta “demokratik düşərgə”dəkilərin bəziləri ölkəmizdə vətənpərvərliyin yüksəldilməsi siyasətinə qarşı, milli dəyərlərimizə zidd olan xarici projelərdə də iştirak edib. Uzun müddət ölkəmizdə mənəvi aşınmaya çalışılıb.

Lakin bu məsələdə də İlham Əliyevin iradəsi ilə həyata keçirilən siyasətə təsir göstərilə bilmədi, kənar, xalqimizin adət-ənənələrinə, milli dəyərlərinə yad təsirlərin, təbliğlərin qarşısı alındı və nəticə göz önündədir: 2020-də - “Könüllülər İli”ndə məhz elə İlham Əliyevin hakimiyyəti dövründə yetişən, təlim-tərbiyə alan nəsil Qarabağda döyüşən qüvvənin əsasını təşkil etdi, qəhrəmanlıq salnaməsi yazdılar...

Elşad MƏMMƏDLİ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı