Növbəti mövsümdən II Liqada mübarizə aparacaq «Difai» gözlənilmədən baş məşqçi dəyişikliyinə gedib.
Ağsu təmsilçisinin rəhbərliyi iyunun 18-də sükan arxasına təyin etdiyi Şəhriyar Məmmədovla yolları ayırıb.
Onunla bağlanmış birillik müqavilə qarşılıqlı razılıq əsasında ləğv olunub. Bu qərarın arxasında dayanan səbəb bilinmir.
Ötən sezon «Araz-Saatlı»nı çalışdırmış naxçıvanlı mütəxəssisin «Difai»də son oyunu «Neftçi»nin U-19 komandasına qarşı olub.
«Fədailər» həmin yoxlama görüşündə bakılı gənclərə 4:3 hesabıyla qalib gəlib.
«Difai» axır üç «futbol ili»ndə I Liqada yarışıb. Bu il çempionatı 10-ci pillədə bitirən komanda birbaşa II Liqaya yuvarlanıb.
Klub fəaliyət göstərdiyi ötən illər ərzində 8 baş məşqçi ilə əməkdaşlıq edib.
Paşa Əliyev, Elgiz Kərəmli, Aydın Qasımov, Adil Mahmudov, Xaqani Məmmədov, Araz Bağırov, Hüseynqulu Quliyev və Elman Sultanov burada fəaliyyət göstərib.
XANOĞLAN / SPORTİNFO.AZ
