“Qəbələ”nin futbolçusu Asif Məmmədovla bağlı kuryoz hadisə yaşanıb.
2004-cü ildən Premyer Liqada çıxış edən təcrübəli yarımmüdafiəçi bu günə qədər elitada 388 oyun keçirib.
Bu ilin avqustunda 40 yaşı tamam olacaq Məmmədovun məqsədi cari mövsümün sonunda futbolçu karyerasını başa vurmaqdır.
Lakin o, futboldan elə-belə yox, 390 rəqəmi ilə getmək həvəsinə düşüb. “Qarabağ”la oyundan sonra “Qəbələ”nin çempionatı 11-ci pillədə başa vuracağı rəsmiləşib.
Baş məşqçi Kaxaber Tsxadadze bunu nəzərə alaraq “Karvan-Yevlax” və “Şamaxı” ilə görüşlərdə Asifə şans vermək fikrinə düşüb ki, 390-a çatsın.
Di gəl, Məmmədov “Qarabağ”la oyunun gedişində ehtiyat oyunçular skamyasında əsəblərinə hakim ola bilmədiyindən, baş hakim İnqilab Məmmədovun göstərdiyi qırmızı vərəqə ilə texniki zonadan qovulub.
Bu isə qarşıdakı 2 oyunu buraxacağı, yəni istədiyi rəqəmə çatmayacağı deməkdir.
Yeri gəlmişkən, Asif Məmmədov Premer Liqada ən çox oyun keçirənlərin sırasında 4-cü pillədə yer alıb. Bu mövsüm 5 oyunda şans qazansaydı, 392 oyunla 3-cü pillədə dayanan Rəşad Sadiqovu geridə qoymaq imkanı olacaqdı.
Məlum vəziyyətdən sonra Asif Məmmədovun yayda karyerasını başa vurub-vurmayacağı, yoxsa statistikaya görə daha 1 il oynayacağı sual doğurur.
Səbəbkar Premyer Liqada ümumilikdə 388 oyunda 34, “Qəbələ” formasında 197 görüşdə 13 qol vurub.
HƏBİB / SPORTİNFO.AZ

