Dünəndən bəri "tiktok" platformasında "Şəmkir"in əfsanəvi sabiq hücumçusu Badri Kvaratsxeliyanın "Mingəçevir"ə maliyyə yardımı etməsi barədə xəbər yayılıb.
İddiaya görə, gürcüstanlı veteran futbol adamı I Liqada çətin günlər yaşayan kluba 200 min manat ianə edib.
Hazırda PSJ-nin formasını geyinən Xviçanın atasının bu addımı atmaqda məqsədinin "işıqçılar"ın borcunu bağlamaq olduğu deyilir.
"Mingəçevir"dən bu məlumatı dəqiqləşdirdik.
Öyrəndik ki, Kvaratsxeliya komandanın hesabına 1 manat da köçürməyib. Ümumi vəziyyət isə son gündərdəki kimi çox ağırdır.
Artıq üçüncü aydır ki, hamı maaş üzünə həsrətdir. Rəhbərlik borc yükünü qaldırmağa çalışmır.
İdarə Heyətinin sədri Rafael Bünyatov və idman direktoru Vüqar Hüseynzadə yenə kollektivdən qaçıb gizlənir. Nə klubun əhlinin qarşısına çıxırlar, nə telefon zənglərinə cavab verirlər.
Badri Kvaratsxeliya ilə bağlı xəbərlərin yayılmasının kökündə isə onun Ramiz Məmmədovla münasibətləri dayanır. Ötən ilin yayından bəri «Mingəçevir»i çalışdıran təcrübəli mütəxəssislə çox yaxın dostdurlar.
İyirmi ildən artıqdır bu səmimiyyəti qoruyub saxlayırlar. Məmmədov 2013-cü ildə «Qəbələ»nin sükanı arxasına əyləşdiyi vaxt gürcünü da özünə köməkçi götürüb, 1 ilə yaxın müddətdə çiyin-çiyinə işləyiblər.
SPORTİNFO.AZ

