Nədən macarlar “bizimkilər” oldu, fransızlar yad?

20 İyun 2021 18:00 Türkiyə 1 097
Nədən macarlar “bizimkilər” oldu, fransızlar yad?

Cavan vaxtımız idi, qonşumuz Sədətqulu ilə kənd klubunda oturub “davalı kino”ya baxırdıq.

4 seriyalı Rumıniya filmiydi, adı yadımda “Miklovanın kinosu” kimi qalıb.

Kommunist rumınlarla faşist rumınlar bir-birilə vuruşurdu, Miklovan adlı bir çekist düşmənləri qırıb-tökürdü.

Qırışma yenicə başlamışdı ki, yal məhəllədən bir yeniyetmə qaçaraq gəlib yanımızda oturdu və həyəcanla soruşdu: “Bizimkilər hansıdır?” Sədiş onun həyəcanlı sualına baməzə tövrdə cavab verdi: “Qırılanlar sizinkilərdir, qıranlar – bizimkilər”.

Dünyanın belə vaxtları vardı, bir-birini qıran iki rumın qrupunun biri “bizimkilər” idi, o biri “düşmənlər”.

Əslində dünyadakı ixtilaflara münasibətdə yanaşma yenə həminkidir. Məsələn, dünən Fransa yığmasıyla Macarıstan yığması futbol oynayırdı və bütün ölkə Macarıstanı “bizimkilər” hesab edirdi. Hətta and içirlər ki, Macarıstan Fransanın qapısına qol vuranda bir kafedə oturub futbola baxan azarkeşlər nə təhər çığırıblarsa, yaxınlıqdan keçənlər elə biliblər, kafedə kütləvi qırğın hadisəsi baş verib.

5.jpg (271 KB)

Onu da aydıralım ki, bizim macarları “bizimkilər” hesab etməyimizin tarixi kökləri var, onlar özlərini hun sayır, ölkələrinə də Hunqari deyirlər, biz də hunlara qohum düşürük. Sərkərdə Atilla onlar üçün də əzizdir, bizim üçün də. Adını uşaqlara qoyuruq. 6-7 il əvvəl Macarıstanda dustaq həyatı yaşayan həmvətənimiz Ramil Səfərovu da bizə qaytarıb verəndən sonra daha da yaxınlaşmışıq.

Amma fransızlarla futbol oyununda bizim kütləvi şəkildə macarları “bizimkilər” saymağımızın əsl səbəbi Fransanın son 7-8 ayda özünü pis aparması, düşmənimiz erməniləri “bizimkilər” adlandırmasıdır. Yoxsa bizdə də Fransa millisinin azarkeşləri vardı. Xüsusilə də Zidanın. Amma fransızlar özləri də “düşmənimin dostu düşmənimdir” məsəlini bilirlər.

Hərçənd belə siyasi yanaşmalar hər matça inikas etmir (türkcə “yansımır” yazsam, türkofoblar deyəcəkdi ki, dilimizin evini yıxırsan, ona görə də “inikas” yazdım). Məsələn, Şotlandiya və İngiltərənin oyununda “sizinkilər” və “bizimkilər” söhbətinin yeri yox idi. Heç biri “bizimkilər” deyil. Amma mən Şotlandiyanın tərəfindəydim. “Cəsur ürək” Uilyam Volosa görə. O kinoya baxan hər kəs onu və silahdaşlarını “bizimkilər” hesab edir.

6.jpg (46 KB)

Yadıma gəlir ki, Roje Milla oynayan vaxtlarda uzaq Kamerunun oyunçularını da “bizimkilər” hesab edirdik. Nəyə görə, bilmirəm. Bəlkə də eləcə qaradərili olduqlarına görə. Əməlli-başlı Kamerun millisinə azarkeşi olmuşduq. Valderrama, Eskobar və Estradanın vaxtında Kolumbiya millisini də “bizimkilər” hesab edirdik, amma bu rəğbət narkobaron Pablo Eskobara görə deyildi, rəhmətlik futbolçu Eskobara görəydi. Yazığı avtoqol etdiyinə görə ölkəsinə qayıdanda öldürdülər.

İndiki çempionatda isə “bizimkilər” çoxdur: Türkiyə, Ukrayna, Macarıstan, Ş.Makedoniya, Polşa… Ötən çempionatlarda Almaniya da “bizimkilər” sırasındaydı. Amma Məsut Özilə qarşı faşistlik etdiklərinə görə, onları o siyahıdan çıxaranlar çox oldu. Düzdür, indinin özündə Almaniya millisində iki etnik türk oynayır, amma bu kov deyil, başqa məsələlərdə (məsələn, miqrantlarımızı təyyarəyə doldurub geri göndərirlər) almanlar xətrimizə dəyiblər, səhvlərini düzəltməsələr, onları “bizimkilər” saymayacağıq, hətta əksinə, “Almaniya dağılır” rubrikasını davam etdirəcəyik.

Orası da var ki, ölkədə Rusiyanı “bizimkilər” sayanlar var. Anlaşılandır. Keçmişdə eyni dövlətdə olmuşuq. Lap açığını deyək; 30 il öncə bu vaxtlar ruslar başımızın ağası idi və onları “bizimkilər” saymağa məcbur idik. İndi geosiyasi durum dəyişib, daha rusları “bizimkilər” saymayanlarımız çoxdur. Ən pisi odur ki, indi ruslar bizi “bizimkilər” sayır. Necə? Məsələn, Kreml deyir ki, keçmiş SSRİ respublikalarının hamısı aşağı-yuxarı bizim ərazidir, bizimkidir, heç kim ora nüfuz edə, baza-maza qura bilməz.

7.jpg (233 KB)

Praqa, 1968, SSRİ ordusu küçə döyüşü aparır

Bu, müvəqqətidir. Ötən əsrin ortalarında Rusiya Macarıstanı və Çexoslovakiyanı da “özününkü” sayırdı, arada tanklarını göndərir, hökuməti devirir, məhkəmə qururdu, macar liderləri “macarpərəst”, çexləri “çexpərəst” olmaqda ittiham edir, türməyə basırdı. Bax, məhz ona görə də macarlar, çexlər, polyaklar, slovaklar elə o vaxtdan ruslardan danışanda “bizimkilər” demirdilər.

İndi Ukrayna da elədir. Deyirlər, çempionat təzə başlayanda Ukrayna TV-sinin şərhçisi Rusiyanın Belçikaya uduzmasını ürəkdən şərh edirmiş, eyzən belçikalıları öyürmüş.

8.jpg (78 KB)

Georgi Hacının vaxtında rumınları da bizimkilər sayırdıq, amma onlar 1998-ci ildəki dünya çempionatında heç düz eləmədilər, komandanın bütün oyunçuları bir gecədə saçlarını saraldıb, meydana “blondin” kimi çıxmışdılar, hollandlara oxşayırdılar.

Nəysə, uzun söhbətdir. Axşam olsun, baxaq, görək, bizimkilər İsveçrə yığmasının qapısına 2-3 dənə qol vururmu.

Samir Sarı

Digər Xəbərlər
Xəbər Lenti