"Əsl futbol bayramı yaşayacağıq. Avropa çempionatını səbirsizliklə gözləyirdik.
Əslində ötən il olmalı idi, amma pandemiya səbəbindən bir il təxirə salındı".
Sportinfo.az xəbər verir ki, bu fikirləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov "Anadolu" agentliyinə açıqlamasında AVRO-2020-nin Bakıda keçiriləcək oyunları barədə danışarkən deyib.
Milli assosiasiya rəsmisi xatırladıb ki, matçların oynanılacağı Bakı Olimpiya Stadionuna arenanın ümumi tutumunun 50 faizi qədər azarkeş buraxılacaq:
"Bu, koronavirusla bağlı ölkədəki vəziyyətin yaxşı olduğunu göstərir. Bakı oyunlara tam hazırdır və fanatları gözləyir".
Məmmədov tərəfdarların Azərbaycan paytaxtındakı qarşılaşmalara böyük maraq göstərdiklərini vurğulayıb: "Türkiyə millisinin ilk görüşünə 20 min bilet satılıb.
Hər oyun üçün 32 min bilet satışı nəzərdə tutulub. Son günlərdə satışın artacağını düşünürəm. Qardaş Türkiyə azarkeşlərini səbirsizliklə gözləyirik".
İcraçı vitse-prezident azərbaycanlı azarkeşlərin də "ay-ulduzlular"ı dəstəkləyəcəyini söyləyib:
"Coğrafi baxımdan türkiyəli fanatların Bakıya gəlməsi daha rahatdır. Çünki iki ölkə arasında gündə 5 uçuş təşkil olunur. Bunun özü də böyük üstünlükdür.
Uels və İsveçrədən uçanlar ya xüsusi, ya da tranzit reyslə gəlməlidir. Amma qardaş Türkiyə azarkeşləri 2,5 - 3 saatlıq uçuşla Bakıya gələ biləcəklər".
Türkiyə millisi Avropa çempionatında ilk oyununu iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcək.
"Ay-ulduzlular" daha sonra Bakı Olimpiya Stadionunda Uelslə iyunun 16-da və İsveçrə ilə iyunun 20-də A qrupunun digər iki görüşünə çıxacaq.

