Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu sosial şəbəkədəki hesabında Çempionlar Liqasının qrup mərhələsinin VI turunda baş tutan PSJ (Fransa) - "Başakşehir" (Türkiyə) matçı ilə bağlı fikirlərini bölüşüb.
Sportinfo.az xəbər verir ki, Türkiyənin xarici siyasət idarəsinin rəhbəri irqçiliyi pisləyib.
"Başakşehir" futbol klubunun irqçilik əleyhinə - insanlıq əleyhinə cinayətə qarşı alicənab duruşunu dəstəkləyirik. Rasizmə yox!", - deyə nazir feysbukdakı hesabında yazıb.
Bir qədər əvvəl UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunda Fransada PSJ ilə Türkiyənin "Başakşehir" klubu arasındakı qarşılaşmanın 14-cü dəqiqəsində qalmaqal yaranıb.
Buna oyunun 4-cü hakimi Sebastian Koltseskunun qonaq komandanın köməkçi məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəb olub.
Buna baxmayaraq, matçın baş hakimi Ovidiu Hatseqan 38 yaşlı mütəxəssisə qırmızı vərəqə göstərərək, onu texniki zonadan qovub. Bundan sonra İstanbul təmsilçisi meydanı tərk edib.

