Şeydayev "Sabah"dan getsə, kim ona yaxın durar?

10 Mart 2020 12:02 Sabah 1 268
Şeydayev "Sabah"dan getsə, kim ona yaxın durar?

"Sabah" Jalko Sopiçlə haralara gedir?

Deyəsən, xorvatiyalı baş məşqçinin heç özü də bilmir.

Əlində ölkə çempionatı üçün kifayət qədər geniş heyəti var. Millinin ən ümidverici oyunçuları da sərəncamındadır. Bəhlul Mustafazadə, Təmkin Xəlilzadə, indi də Ramil Şeydayev.

Ramil bu qədər hazırdıqsızdır ki, "pensioner" Marko Deviçdən zəif oldu? Xulio Sezar Rodriqes ilə oyun ərzində nə etdilər, hansı hücumları qurdular ki, əsas heyətdə yer alırlar?

Sopiç "Sabah"ın sabahı düşünmür, heç olmasa, millini düşünsün. Ramil özünün də açıqlama verdiyi kimi, oyun praktikası qazanmağa gəlib.

3 oyuna toplam bir hissə meydanda olmayıb. «Neftçi» önündə meydana çıxan kimi də 100 faizlik qol epizodu yaratdı. Nə etsin ki, Sopiçin sevimli Şakir Seyidovu bundan yararlana bilmədi.

Başbilənlər komandaya bu cür şərait yaradıb, qayğılarını çəkir, hücumçuya bir ətək pul ödəyir, çempionatın sonuna isə 8 tur qalıb. Ramil sabah xaricə getmək fikrində olsa, baxmayacaqlar ki, heç "Sabah"da heyətə düşə bilməyib? Kim yaxın durar ona?

Maddi durumu demirik, belə getsə, Ramil "Sabah"a gəlişinə peşman olacaq. Belə münasibətlə, oynadığı mövqe ilə sabah bildiyini də itirəcək. Hə, sual oluna bilər, heyəti baş məşqçi müəyyənləşdirir.

O vaxt söz dəyilməz ki, deviçlərlə çıxıb qələbələr sıralansın. Hələ ki, Bəhlul Mustafazadə qarışıq, meydanda bildiklərini də itirirlər.

"Qarabağ"la matçda müdafiədə oturan "Sabah" "Neftçi"yə qarşı fərqli oynamaq istədi. İlk dəqiqələrdən öndə pressinq tətbiq etmək, açıq futbol oynamaq fikrinə düşdü.

İnsafən, ilk yarıda Nəriman Cahanın qolu olmasaydı, rəqib heç nə ilə yadda qalmırdı. Amma pressinq komanda halında həyata keçirilə bilmirsə, bu, xeyir gətirməz.

Üstəgəl, start heyəti düzgün qurulmamışdı. Saşa Stamenkoviçin olmaması da Sopiçin məşqçi bacarığını ortaya qoydu. İkinci qolda Dmitri Bezrukinin soyadına uyğun əlsiz oynaması, digər qolda, ümumiyyətlə, əlsiz-ayaqsız davranması "Sabah"ı məğlubiyyətə sürüklədi.

Hətta Ramil meydana daxil olandan sonra Coşqun Diniyevin bir qədər cəsarətli, önə oynaması tarazlığı yaradan anda, onu da Rəşad Eyyubovla əvəzlədi. Orta xətt oyunçusu da əsasən "Neftçi"nin işinə yaradı.

Sopiç ikinci Bordindir. Zaman bunu isbatlayacaq. Çünki o, komandasının gücünü düzgün qiymətləndirmir, yuxarıda deyil, aşağıda görür.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti