
"Sabah"ın baş məşqçisi Murad Musayev Rusiya mətbuatına açıqlama verib.
Sportinfo.az xəbər verir ki, "sport24.ru" saytına danışan 39 yaşlı mütəxəssis komandanın yeni transferi Ayaz Qulyev haqda fikirlərini bildirib.
Rusiyalı mütəxəssis onun Azərbaycan vətəndaşlığı almaq məsələsi haqda danışı, bununla bağlı problemin olmayacağını deyib:
"Məncə, Ayaz yaxın zamanda Azərbaycan pasportu alacaq. Bu, yerli çempionatda legioner limiti ilə bağlı vacibdir.
Məsələnin indi hansı mərhələdə olduğunu bilmirəm. Əminəm ki, o, özünün ən yaxşı formasını bərpa edəcək və Azərbaycan millisini gücləndirə biləcək.
Futbolçu ilə danışıqlar kifayət qədər asan keçdi. Ayaz klubumuza keçmək, “Sabah” isə onu öz sıralarında görmək istəyirdi.
Əsas məsələ “Ximki” rəhbərliyi ilə həll olunmalı idi. Amma xoşbəxtlikdən oyunçunun "Sabah"a keçmək istəməsi sayəsində bunu kifayət qədər tez həll etdik.
Məşqçilər korpusu ilə klubumuzun rəhbərliyinin qarşılıqlı istəyi Quliyevin komandamızın bir hissəsinə çevrilməsinə səbəb oldu".