“Sabah”ın əlinə belə imkan bir də nə vaxt düşəcək?

17 Sentyabr 18:35 Sabah 663
“Sabah”ın əlinə belə imkan bir də nə vaxt düşəcək?

Bu gün turun ən səs-küylü oyunu Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Çempionluğa əsas namizəd “Qarabağ” “qızıl” iddiasında olan əsas rəqibi “Sabah”ı qəbul edəcək.

Cari mövsümə “Partizan” üzərində 2:0-lıq qələbə ilə başlayan, Premyer Liqaya “Qəbələ” üzərində parlaq qələbə ilə start verən (5:0) “tələbələr” son vaxtlar heç də xoş günlərini yaşamır.

Murad Musayevin yetirmələri cavab görüşündə “Partizan”a məğlub olandan sonra (0:2) “Neftçi”ylə bərabərə qalıb (1:1), “Zirə”yə 0:1, “Turan Tovuz”a 0:3 hesabı ilə uduzub.

“Tələbələr” 4 oyundur qələbə üzünə həsrətdir. Və bu sayda oyunda rəqib qapısına cəmi 1 dəfə yol tapıb.

Əlbəttə, indiki durumda “Qarabağ”ı qələbəyə daha yaxın hesab edə bilərik. Bir tərəfdə uğursuzluq zolağına düşən “Sabah”, digər tərəfdə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ”.

Rusiyalı baş məşqçi ilə yetirmələri anlamalıdır ki, ağdamlıları məğlub etmək üçün ələ yaxşı imkan düşüb. Bəlkə də çempionatın gedişində bu cür fürsət yaranmayacaq.

Əvvəla ona görə ki, “köhlən atlar”ın 7 futbolçusu milli komandaların sıralarına qatılmışdı. Yəni iki həftəlik fasilə dönəmində “Qarabağ”la düz-əməlli hazırlıq keçə bilməyiblər. Bunun üzərinə səfərlərin yaratdığı yol yorğunluğunu da gəlsək, nəticə məlum olur.

Daha bir vacib məqam “Qarabağ”ın bir neçə gündən sonra “Molde” ilə vacib duelə çıxmasıdır. Sözsüz, hər oyunun özünə görə dadı-duzu var.

Amma söhbət motivasiyadan və beynəlxalq arenada uğur qazanmaqdan gedirsə, Qurban Qurbanovun heyətdə rotasiyalar edəcəyi, hansısa mənada ehtiyatlanacağı şübhə doğurmur. Futbolçular da “Sabah”la qarşılaşmaya çətin ki, ölüm-qalım savaşı gözündə baxsın.

Çempionatın əvvəlidir, irəlidə hələ çox oyunlar olacaq. Ağdamlıların ehtiyatlanmasına görə heç kim onları topa tutmayacaq. Bu yerdə psixoloji durumu da unutmayaq. “Qarabağ”lıların ayaqları “Sabah”la matçda, başları “Molde” ilə oyunda olacaq.

“Sabah” üçün turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmaq, “Qarabağ”la şəxsi görüşlərdə üstünlük yaratmaq üçün əla şansdır.

Sentyabrın 17-də keçiriləcək “Qarabağ” – “Sabah” görüşü 19:30-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti