
“Sabah”ın yeni transferi Ayaz Quliyev Azərbaycan pasportu alıb.
Klubun AFFA-ya, federasiyanın öz növbəsində Gənclər və İdman Nazirliyinə müraciəti əsasında bu məsələ müsbət həllini tapıb.
Ayaz Quliyev ötən ayın əvvəlində "Ximki"dən (Rusiya) transfer olunub. 27 yaşlı yarımmüdafiəçi qonşu ölkənin U-16, U-17, U-18, U-19 və U-21 yığmalarının formasını geyinib.
Əslində, onun işi daha öncədən öz həllini tapıb. Moskva "Spartak"ının yetirməsi Azərbaycan yığmasında oynayacağına AFFA-dan zəmanət alandan sonra Premyer Liqada çıxış etməyə razılaşıb.
"Sabah"ın ona dəvət göndərməsi qurumun ürəyincə olub elə bu mənada. Çünki federasiya illərdir çalışırdı ki, Quliyev millinin formasını geyinsin.
O, artıq növbəti turda "Qarabağ" önünə yerli statusla çıxacaq. Bəs ölkənin əsas komandasında nə vaxt debüt edəcək?
AVRO-2024-ün seçmə mərhələsinin oktyabrda keçiriləcək növbəti oyunlarında biz Ayazı meydanda görəcəyik. Baş məşqçi Canni De Byaziyə bununla bağlı müvafiq təlimat verilib.
SPORTİNFO.AZ