
“Sabah”ın baş məşqçisi Murad Musayevin “Turan Tovuz”la oyundan sonrakı açıqlamasını oxuyanda, açığı, gözlərimə inanmadım.
Dedim, bəlkə başlıqdakı ad məni çaşdırıb. Bəlkə bu, “Qəbələ”dəki futbolçu Murad Musayevdir. Amma yox, özü imiş.
Sitat: “Sabah”a qarşı hamı elə oynayır ki, sanki həyatlarının ən vacib oyunlarıdır. “Turan Tovuz”un ötən turdakı oyunu ilə bugünkü matçını müqayisə edin.
Ölməyə hazır idilər. Bütün rəqiblər bizə qarşı belə oynayır. Nəyə görəsə, “Sabah” hamı üçün motivasiya mənbəyidir”.
Murad Musayev, vi çto qo(t)vorite?
Əminəm ki, rusiyalı çalışdırıcı son oyunlardakı nəticələrdən sonra ələ də özünə gəlməyib. Özündə olan MƏŞQÇİ bu sözləri dilinə gətirməz.
1. Murad Oleqoviç, ”Partizan”a qarşı Bakıdakı oyununuzu xatırlayırsınız yəqin.
Futbolçularınız qazonu dişi ilə qoparmağa hazır idi. O dərəcədə motivasiyalı görünürdülər ki, dağ boyda “Partizan”ın məşqçi-futbolçu heyəti çaşıb qalmışdı.
Həmin vaxt “Partizan” sizin üçün necə motivasiya mənbəyi idisə, siz də Premyer Liqada “Sabah”ın büdcəsinə, şəraitinə həsəd aparan klublar üçün motivasiya mənbəyisiniz.
2. “Turan Tovuz”un “Səbail”lə oyununu stadiondan izləyən biri kimi müqayisə aparıb nəticə çıxarmışam.
Qənaətim budur ki, Tovuz təmsilçisi erkən qola hazır deyildi və 5-ci dəqiqədəki qoldan sonra toparlanmaqda çətinlik çəkdi.
Sərtan Taşkınla Xəyal Nəcəfov, hətta Piruzi Marakvelidze də əsas heyətdə meydana çıxmamalıydı. Qısası, “Turan Tovuz” “Səbail”lə oyunun fərqli axarıını gözləmirdi, alternativ variant yox idi və bunun acısını çəkdi.
Biz nəticə çıxardığımız halda, siz niyə rəqibi lazımınca təhlil etməmişdiniz? Oyun planında dəyişikliklər etməyə kim imkan vermədi sizə?
3. Geridə qalan oyunlar göstərir ki, “Sabah”ın taleyi Aleksey Kaşukla Coy Lens Mikelsin əlində imiş. Bu iki futbolçu gedəndən sonra komandanız əvvəlki günlərindən uzaq düşüb.
Gecə-gündüz sizin təcrübənizdən, xarakterinizdən danışdığımız halda, “Sabah” niyə iki futbolçudan asılı olmalıdır? Bəs, hanı sizin təcrübəniz, komandanı çətin durumdan çıxarmaq bacarığınız?
“Qarabağ” illərdir aparıcı futbolçularını saxlamaqda çətinlik çəkir. Hərəsi bir ölkəyə qaçır, Qurban Qurbanov isə çıxış yolları tapmaqla komandanı tonusda saxlayır. Baş məşqçiyə buna görə BAŞ MƏŞQÇİ deyirlər. Əks halda, ona da məşqçi deyilərdi.
Murad Oleqoviç Musayev, deməyə, danışmağa çox söz var.
Siz oyun vaxtı diqqətinizi futboldan kənar şeylərə (rəqibi qıcıqlandırmağa, hakimi tənqid etməyə) yox, meydanda yaşananlara ayırsanız, mətbuat konfranslarında təmkinli olmağı bacarsanız, hər şey öz axarında gedəcək.
Savadlı məşqçisiniz, amma öyrənməli və düzəltməli olduğunuz çox şey var.
HƏBİB