
Konfrans Liqasında «Partizan»a yenilgi «Sabah»da hər kəsin ovqatını təlx edib.
Namiq Ələsgərovun məsuliyyətsizcəsinə yerinə yetirdiyi və toru silkələməyən penalti vuruşu komandanı göydən yerə çırpıb və hələ də ağrı içində çırpınırlar.
Bu gərginlikdən xilas olmaq asan deyil.
Avrokubokularla sensasiyanın biraddımlığında olarkən, alınan «soyuq duş»un Murad Musayevi də, xidmətindəkiləri də «xəstələndirdiyini» görməkdəyik.
Hələ də Belqradda qalıblar, o gecənin mənfi təsirindən qurtulmağa çalışdıqlarını, tələsdiklərini də görmürəm.
«Turan Tovuz» Premyer Liqanın ortabablarından biridir. Avrokuboklara yollanmağın xəyallarını qurmur, arzuları sərhəd tanıyır - Birinci Liqaya enməmək.
Beyin olaraq dincəlməlidirlər.
Digər tərəfdən isə yeni transferlər qapını döyməlidir.
Ayaz Quliyev? Bir güllə bahar olmur axı!
Daha iki-üç səviyyəli legioner alınmasa, bu həna hələ çox su aparacaq…
MUSA