
Əslən azərbaycanlı futbolçu Ayaz Quliyev gələcək karyerası ilə bağlı seçimini etdi.
Bir müddət öncə adı “Neftçi” ilə hallanan yarımmüdafiəçi bundan sonra “Sabah”ın uğurları üçün tər tökəcək.
Ayaz yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.
26 yaşlı yarımmüdafiəçinin doğulub-böyüdüyü, futbolçu kimi yetişdiyi Rusiyada qalmaq şansı kifayət qədər yüksək imiş. “Ximki”nin Birinci Liqaya yuvarlandığını görən digər klublar Quliyevə görə Moskva təmsilçisinin “qapısını döyüb”.
Aralarında ən çox fəallıq göstərən “Orenburq” olub. Cari mövsümdə Rusiya Premyer Liqasında uğursuz təsir bağışlayan komanda Ayaz Quliyevi heyətinə qatmaqda israrlı olub.
Lakin futbolçunun özü təklifə isti yanaşmayıb. Səbəbkar Rusiyadan ayrılmaq, başqa ölkədə oynamaq istəyində olduğunu yaxın ətrafında bildirib. Oradakı haqsızlıqlardan bezdiyini, Azərbaycan millisində oynamaq arzusunu da hər imkanda vurğulayıb.
Və ən vacibi. “Orenburq” soydaşımıza uzun müddətli müqavilə təklif etmirmiş. Bu mənada “Sabah”ın 3 illik anlaşması Ayaz üçün göydəndüşmə olub.
Rusiya millisindən əlini üzən “8 nömrə” göz qabağında olmaqla Azərbaycan millisində oynamaq həvəsindədir. “Sabah”la bağladığı 3 illik sözləşmə və bu izdivacdan qazanacağı təxminən 800 min dollar isə tam yerinə düşüb.
HƏBİB / SPORTİNFO.AZ