“Biz güclüyük, heç kimdən qorxmuruq" – Azərbaycan klubunun baş məşqçisi iddialı danışdı

21 İyun 2023 17:20 Sabah 1 122
“Biz güclüyük, heç kimdən qorxmuruq" – Azərbaycan klubunun baş məşqçisi iddialı danışdı

Azərbaycanı ilk dəfə avrokuboklarda təmsil edəcək “Sabah" Konfrans Liqasının II təsnifat mərhələsində “Makedoniya GP” (Şimali Makedoniya) - RFS (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, komandanın baş məşqçisi Murad Musayev klubun rəsmi saytına püşkatmanın nəticələrini dəyərləndirib:

“Avrokuboklarda debüt edəcəyimizi nəzərə alsaq, istənilən klubla oyun bizim üçün ciddi sınaqdır. RFS Latviya çempionatının liderlərindən biridir və ötən mövsümdə Konfrans Liqasının qrup mərhələsində iştirak edib.

Bu komandanın əsas üstünlüyü hazırda çıxış etdiyi ölkədə çempionatın davam etməsidir ki, bu da onların avrokubok oyunlarına əla formada gəlmələrinə şərait yaradacaq.

“Makedoniya GP” ardıcıl ikinci ildir ki, ölkə kubokunu qazanır. Bu amil onların pley-off matçlarında oynamaq bacarığından xəbər verir.

Növbəti mövsümün hazırlıqlarına bu gün başlayacağıq. Biz komanda olaraq güclüyük, heç kimdən qorxmuruq.

Bütün gücümüzü ortaya qoyaraq, cəsarətli futbol sərgiləməyə çalışacağıq”.

II təsnifat mərhələsinin ilk oyunları iyulun 27-də, cavab matçları isə avqustun 3-də baş tutacaq. “Sabah” ilk oyununu səfərdə keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti