"Beşiktaş"la oyun sırf onların da əməyi nəticəsində belə gözəl alındı" - MÜSAHİBƏ

17 May 2023 22:20 Sabah 463
"Beşiktaş"la oyun sırf onların da əməyi nəticəsində belə gözəl alındı" - MÜSAHİBƏ

"Sabah" və "Beşiktaş" arasında baş tutan yoldaşlıq matçı (3:3) maraqlı mübarizə ilə azarkeşlərin zövqünü oxşadı.

Meydanda "Sabah"lı futbolçular güclü rəqib önündə layiqli mübarizə ilə yadda qaldısa, kiçik tərkibdə olan klub rəsmiləri də yaxşı təşkilatçılıqla diqqət çəkməyi bacardı.

Baxmayaraq ki, Masazır təmsilçisi üçün belə təcrübə yeni idi.

Elə klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla müzakirəmiz də bu yöndə oldu:

- "Beşiktaş"la yoxlama matçının əhəmiyyəti, atmosferi öz yerində. Həm də təşkilatçılığı yaxşı mənada hər kəsin diqqətini çəkdi. Bunu necə bacardınız?

- Əvvəla onu deyim ki, “Sabah” – “Beşiktaş” görüşü adi yoldaşlıq oyunu deyildi. Qarşılaşma xeyriyyə xarakteri daşıyırdı ki, bu da matçın əhəmiyyətini daha da artırırdı. “Beşiktaş” Azərbaycanda ən çox sevilən klublardan biridir. Bu cür sevilən, tarixi olan klubun paytaxtımıza gəlməsinin futbol bayramına səbəb olacağını əvvəlcədən proqnozlaşdırmaq mümkün idi. Deyərdim ki, gözlənildiyi kimi də oldu. Oyuna gələrək stadionda bu cür atmosferin yaranmasına səbəb olan hər bir tamaşaçıya təşəkkür edirəm. Bu oyun sırf onların da əməyi nəticəsində belə gözəl alındı. O ki qaldı təşkilatçılığa, vaxtımız çox az idi. Ancaq əlimizdən gəldiyi qədər hər şeyin yaxşı alınmasına çalışdıq. Şadıq ki, insanlar təşkilatçılığı müsbət dəyərləndirirlər.

- Ümumiyyətlə, nəyisə sizə irad tutan, nöqsan kimi qiymətləndirən oldumu?

- Xüsusi hər hansı irad olmadı. Lakin iş prosesində hər şey mükəmməl ola bilməz. İstənilən halda müəyyən xırda nöqsanlar olur. Ancaq biz bunu özümüzdə qeyd etmişik ki, gələcəkdə təkrarlanmasın.

- Açığı, "Sabah" üçün ilk belə böyük sınaq olduğu üçün əksəriyyətdə müəyyən narahatlıq vardı. Ki, təcrübəsizlikdən boşluqlar gözə dəyə bilər. Bu baxımdan sizdə durum necəydi?

- Narahatlıqları başa düşmək olar. “Sabah” cəmi 6 ilin klubudur. Bu, bizim ilk belə təcrübəmiz idi. Narahatlıq yox idi. Ancaq klub olaraq bu oyunun yaxşı səviyyədə təşkil edilməsinə çox həssas yanaşırdıq. İstəyirdik ki, hər şey tamaşaçıların ürəyincə olsun. Fikrimcə, bu sınağın öhdəsindən gəlməyi bacardıq.

- "Beşiktaş"la matçı əksəriyyət avrokuboklar öncəsi "Sabah" üçün böyük təcrübə hesab edir. Bunu təşkilati məsələlər üçün də məqbul hesab edə bilərik?

- Bəli, tam razıyam. Avrokubok oyunlarından öncə bu matçın keçirilməsi təşkilati məsələlər baxımından da çox faydalı oldu. Hətta mən deyərdim bu oyuna olan maraq təsnifat mərhələsindən daha çox qrup oyunları səviyyəsində idi. Fikrimcə, burda əldə etdiyimiz təcrübə təşkilati məsələlərdə avrokubok matçlarında işimizə yarayacaq.

XANOĞLAN İMANOV

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti