
“Sabah” mayın 13-də Türkiyə Super Liqa təmsilçisi “Beşiktaş”la yoldaşlıq oyunu keçirəcək.
Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov matç üçün 20 mindən artıq biletin satıldığını söyləyib.
Xeyriyyə oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Matçdan əldə edilən bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.
Martın 26-da Türkiyənin “Qalatasaray” klubu da Bakıda “Qarabağ”la xeyriyyə oyunu keçirmişdi. Görüş türkiyəlilərin 2:1 hesablı qələbəsi ilə bitmişdi.