"Mənə şans verməsələr…" - 1 il sonra gələn SƏMİMİ ETİRAF

8 May 2023 16:40 Sabah 1 185
"Mənə şans verməsələr…" -  1 il sonra gələn SƏMİMİ ETİRAF

- Uzun fasilədən sonra sənə doğma olan Qəbələdə meydana çıxmaq necə hisdir?

- Uzun müddətdən sonra nəinki Qəbələdə, ümumiyyətlə, çempionatda oynamaq xoşdur. Bildiyiniz kimi, Premyer Liqada sonuncu dəfə ötən mövsüm “Qəbələ”nin heyətində “Şamaxı”ya qarşı oynamışdım. Kubokda iştirak etsəm də, çempionatda oynamırdım. Baş məşqçi şans verdi, mən də əlimdən gələni etməyə çalışdım.

- Qapıçılar mütəmadi oynamayanda formadan düşür. “Kəpəz”ə qarşı çətinlik çəkirdin?

- Bəli, bu, doğrudur. Amma “Sabah”dakı məşqlər yüksək səviyyədə olduğundan, açığı, ciddi problem olmadı. Arada epizodlar zamanı gecikmələrim olurdu, oyunun gedişində toparlandım.

“Sabah”ın qapıçısı Nicat Mehbalıyev komandasının “Kəpəz”lə oyunda qazandığı 3:0 hesablı qələbə və gələcəyi haqda Sportinfo.az-ın suallarını cavablandırıb.

- Bu meydanda oynamaq sənə nədən xəbər verirdi?

- Ötən mövsüm bu meydanda ev sahibi kimi çıxış edirdimsə, indi qonaq kimi gəlmişdim. Qəbələ stadionu mənə doğmadır. Qismətdən uzun fasilədən sonra Premyer Liqaya dönüşüm də bura təsadüf etdi.

- “Beşiktaş”la qarşılaşmada şans qazanmağın mümkündür?

- Biz futbolçuyuq, işimiz məşq etmək, oyunlara hazırlaşmaqdır. Qərarı məşqçilər heyəti verir. Şans versələr, oynayaram. Verməsələr də, hörmətlə yanaşacağam.

- Ötən mövsüm mütəmadi oynayan futbolçu idinsə, cari çempionatda əvəzedici statusu ilə barışmısan. Qəribə gəlmir sənə?

- Şübhəsiz, hər bir futbolçu mütəmadi oynamaq istəyir. Qapı mövqeyi elədir ki, tez-tez rotasiya etmək olmur. Yusif İmanov gənc qapıçıdır. Şans qazandı, şansını dəyərləndirdi və sona qədər getdi. “Çərçivə”də tez-tez dəyişiklik olanda sabitliyi qorumaq olmur. Ona görə də hazırkı vəziyyət anlaşılandır.

- İndiki halda sənin sabitliyin itir axı.

- Futbol belədir, qapıçılardan biri oynayır, digəri gözləyir. Yəqin ki, yayda çarəsini taparıq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti