Kaşuk sabah "Sabah"dan gedəndən sonra…

6 May 2023 17:40 Sabah 1 188
Kaşuk sabah "Sabah"dan gedəndən sonra…

Çempionluq yarışması öz sakit axaraı ilə davam etməkdədir.

«Sabah» «Qarabağ»ın təqibindən əl çəkmir.

Qəbələdə «Kəpəz» üzərində qazanılan qələbə ilə liderlə aradakı xal fərqini yenidən 4-ə endirdilər.

Murad Musayev üzərinə aldığı öhdəliyi artıqlamasıyla yerinə yetirməkdədir. Rusiyalıya «Sabah»ı Avropaya daşımağı tapşırmışdılar, o isə komandanı son çempiona bab hala gətirib.

Qəbələdə oyunun taleyi ilk 16 dəqiqədə məlum oldu. İki erkən qol «Sabah»ı gərginlikdən tamamilə azad etdi.

Baş hakim ikinci hissənin əvvəlində «Kəpəz»in təmiz qolunu saymadı, bildik ki, qonaqlar istənilən pis sürprizdən sığortalanıb. «Kəpəz» göyə çıxıb yerə düşsə də, məğlubiyyətdən qaçmaq şansı yoxdur.

Aleksey Kaşuk cari mövsüm Premyer Liqada vurduğu qolların sayını 16-ya çatdırdı. Musayev ukraynalını izlədikcə, yəqin ki, həm sevindi, həm də kədərləndi.

Sevindi ki, Kaşuk komandanı arxasınca aparmaqdan yorulmur.

Kədərləndi ki, yayda avrokuboklara onun iştirakı olmadan start verəcəklər. İşdir-şayəd, «Sabah» Kaşuku yenidən «Şaxtyor»dan icarəyə götürə, yaxud transfer hüququnu birdəfəlik ala bilməsə, Murad Musayev iki ağır yara alacaq.

Eyni vaxtda heyəti yeniləməli, taktikanı dəyişməli olacaq. Əksəriyyət Aleksey İsayev deyir, amma məncə, «Sabah»ın simasını Kaşuk müəyyənləşdirir.

O da gedəndən sonra çox işi yenidən qurmaq lazım gələcək.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti