AFFA-nın İcraiyyə Komitəsinin mayın 31-də keçirilən iclasında ölkə futbolu adına mühüm qərar qəbul olundu.
Başda Qurban Qurbanov olmaqla bir çox məşqçilərin Premyer Liqada legioner limitinin aradan qaldırılması ilə bağlı təklifinə komitə bu dəfə isti yanaşdı.
Limit tam aradan qaldırılmasa da, nisbətən yumuşaldıldı.
Bu isə o deməkdir ki, 2022/23 mövsümündən etibarən əsas heyətdə 7 əcnəbinin yer almasına icazə veriləcək. 90 dəqiqə ərzində əvəzetmə sayı isə 3-dən 5-ə yüksəldildi.
“7+4” formatının nə dərəcədə effektiv olacağını, dəyişikliyin hansı faydasının ola biləcəyini öyrənmək üçün “Sabah”ın baş məşqçisi Murad Musayevin fikirlərini öyrəndik.
Rusiyalı çalışdırıcı yeni qərarı Sportinfo.az-a bu cür şərh etdi:
“Ümumiyyətlə, hər hansı limitə qarşıyam. Fikrimcə, meydanda ən yaxşılar oynamalıdır. Bu, oyunçuların səviyyəsinin artmasına səbəb olar.
Belə deyim, pasporta yox, futbolçuların ustalıq səviyyəsinə baxmalıyıq. İstənilən halda, AFFA-nın hər qərarına hörmətlə yanaşmalıyıq”.
Aprelin 29-da İcraiyyə Komitəsinin keçirilmiş iclasında limitin olduğu kimi qalmasına (6+5) dair qərar qəbul olunmuşdu. 32 gündən sonra qərar qüvvədən düşdü.
HƏBİB

