Bu klub Premyer Liqada çıxışını dayandırmalıdır – AFFA qərəzə son qoymasa

17 May 2022 15:00 Sabah 3 194
Bu klub Premyer Liqada çıxışını dayandırmalıdır – AFFA qərəzə son qoymasa

Bu il ölkəmizi avrokuboklarda təmsil edəcək klubların arasında «Sabah»ı izləməyəcəyik.

Premyer Liqada üçüncü mövsümünü keçirən «Sabah» hələ bu qədər qitə arenasına çıxmağa yaxın olmamışdı.

Keçən illərə nisbətdə kifayət qədər uğurlu qrafik cızan komandanın son anda «qəza» keçirməsi əsl şokdur.

Murad Musayev bildirib ki, «Sumqayıt»la oyundan sonra futbolçuları paltardəyişmə otağında hönkür-hönkür ağlayıb. Əlbəttə, avrokuboklara vəsiqəyə bunca yaxın ikən, hər şeyin bir anda yoxa çıxması dəhşətli hissdir.

O anda hamının - klub rəhbərliyinin, məşqçilərin, futbolçuların ürəyindən qara qanlar axır, özlərinə yer tapa bilmirlər. Ağlamaqla yalnız ovunmaq olar, gedəni qaytarmaq isə qeyri-mümkündür.

«Sabah»ın başında dayananlar avrokubokda iştirakı arzulayır? Elə isə birinci növbədə hakimlərlə bağlı problemin kökünü qazıb çıxarsınlar, atsınlar bir kənara.

Komandanı düzəltmək olar, bu, həmin bu problemin yanında heç nədir. Dörd-beş səviyyəli legioner gətirməklə, «Sabah»ı qoz kimi komanda eləmək olar.

Zatən, indinin özündə də Premyer Liqanın ən yaxşı heyətlərindən biri onlardadır. Məşqçiləri də normal məşqçidir, Murad Musayevlə yol çıxan əlini dizinə çırpmaz.

Dərd hakimlik dərdidir və «Sabah»ın rəhbərliyi bu işi sabaha saxlamamalıdır. AFFA ilə oturub sərt dillə danışmalıdırlar.

Yaxalarından yapışmalıdırlar ki, nə istəyirsiz bizdən, nə vermisiz, ala bilmirsiz? Soruşmalıdırlar.

Bu suala yerli-yataqlı, əsaslı cavab almasalar, AFFA əmin etməsə ki qərəz kampaniyası dayanacaq, «Sabah» Premyer Liqada çıxışına ara verməlidir.

Yoxsa mənasızdır çempionata qatılmaq, mübarizə meydanına atılmaq. Havayı yerdən pul xərcləyəcəklər, yekunda da nəticə olmayacaq.

Ola bilməz ki, bütün hakimlər «Sabah»a daxilən antipatiya bəsləsin. Əlisi gəlir, bir zibil. Vəlisi gəlir, bir zibil. Dəlisi gəlir, o da onlardan betər zibil.

Bu xarabada bir dürüst hakim yoxdur ki, «Sabah»ı anadan əmdiyi südü burnundan gətirməyə ar eləsin? Deməli, sifarişdir də, bu.

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti