Ramin Quliyevin xeyli işi var «Sabah»da.
Yeni transferlərin gəlişi ilə bu «Sabah»ın o «Sabah» olmamasını sübut etməsi üçün yeni baş məşqçt hələ çox əziyyət çəkəcək.
Yeni mövsümün açılış turu bu faktın üzərindən şübhə pərdəsini qaldırdı.
Gördük ki, uyğunlaşma prosesi başa çatmayıb, yeni-yeni başlayıb.
Gördük ki, alınan legionerlər ondan əvvəl burada çıxış edən yerli və əcnəbi həmkarları ilə ortaq dil tapmağın yollarını axtarır.
Gördük ki, hələ balans yaranmayıb, bəzi xətlərdə boşluqlar daha çox özünü hiss etdirir.
Müdafiə və hücumda xüsusən. «Vuran ayaq» problemini kimin çözəcəyi, Ramin Quliyevin bu mövqedə kimlərə bel bağladığı hələ naməlumdur.
O da bilinmir ki, baş məşqçi sərəncamındakılara avrokuboklara vəsiqə uğrunda ciddi-ciddi mübarizə aparmalı olduqlarını başa salıb, ya yox.
Biləcridən o tərəfə getmək istəyən komanda «Səbail»ə uduzmamalıdır. Ya sezonun əvvəlində, ya da sonunda.
Nalı sökülmüş ata bənzəyən bir rəqiblə qarşılaşırsansa, onu ötüb keçməyə, fərq yaratmağa borclusan.
Hesabda geri düşəndən sonra ixtiyarında 1 saat var və sən bu geniş zaman kəsiyində status-kvaonu belə bərpa etməyə nail olmursansa…
Deməli, komandanını yeni və daha böyük hədəflər uğrunda mübarizə aparmağa daxili inamı tam formalaşmayıb, get-gəl edir.
SPORTİNFO.AZ

