
Premyer Liqada 5 tur geridə qalsa da, "Sabah"ın futbolçusu Kristian Sebalyos hələ ki, 2023/2024 mövsümündə debüt etməyib.
Maraqlı orasındadır ki, Masazır klubu ispaniyalı legioneri bu mövsüm üçün PFL-ə sifariş etməyib.
30 yaşlı ispaniyalının meydana çıxmamasının və sifariş edilməməsinin nə əlaqədar olmasını öyrənmək üçün klubun mətbuat xidməti Elnur Həmidova müraciət etdik.
Sportinfo.az xəbər verir ki, sportal.az-a açıqlama verən Həmidov məsələ ilə bağlı danışıb.
O, ispaniyalı legionerin adının 2023/2024 mövsümü üçün sifariş edilməməsini bununla əlaqələndirib:
"Xeyr, Sebalyosla yollarımızı ayırmamışıq. Futbolçu bir müddətdir zədəsinin müalicəsi ilə məşğuldur. O, hazırda reabilitasiya keçir. Buna görə, hələ ki sifariş olunmayıb".
Sebalyosun "Sabah"la müqaviləsi 2024-cü il iyunun 30-na qədər qüvvədədir.