"Sabah"ın yeni transferi: "Kənarda qalacağımı düşünməzdim, onu da gördüm"

25 Dekabr 2020 09:40 Sabah 1 090
"Sabah"ın yeni transferi: "Kənarda qalacağımı düşünməzdim, onu da gördüm"

"Zirə"dən ayrıldıqdan sonra 6 ay futbolsuz qalan millimizin sabiq müdafiəçisi Bəxtiyar Həsənalizdənin yeni klubu dünən rəsmən məlum oldu.

Onun "Sabah"da məşqlərə çıxdığını bir müddət əvvəl yazmışdıq.

Transferin rəsmiləşməsi qalırdı ki, o da dünən baş tutdu. "Sabah" rəsmən Həsənalizadə ilə mövsümün sonuna kimi müqavilə imzaladığını ictimaiyyətə açıqladı.

Mərkəz müdafiəçisi Sportinfo.az-a müsahibəsində futbolsuz qaldığı günlərdən və "Sabah" keçidindən danışıb.

- 6 aylıq klubsuz günlərin dünən başa çatdı. Necə keçdi bu müddəti?

- Çox şükür, bu dönəm geridə qaldı. Bir futbolçu üçün təbii ki, ən çətin iş futbolsuz qalmaqdır. İnsan sevdiyi işdən uzaq qalanda sıxıntı yaşayır. Ümid edirəm ki, bu durumu bir də karyeramı bitirəndə yaşayaram.

- "Hər işdə bir xeyir var" deyiblər. Böyük futboldan bu qədər uzaq qalmağın karyerana zərəri təbii ki, böyükdür. Bəs faydası necə?

- Əksinə, çox xeyirləri oldu deyərdim. Öncə insan etdiyi səhvlər haqqında daha çox düşünür və bəzi şeyləri daha yaxşı başa düşür. Keçmişdə bəzi səhv qərarlarım olub. Bundan da əlavə, dar gündə insan öz dostun-düşmənin daha yaxından tanıyır. Bu müddət ərzində illərlə yaşayıb qazanacağım təcrübəni qazandım.

- 10 ildən artıq Premyer Liqada stabil çıxış edən biri kimi nə vaxtsa bu duruma düşəcəyin ağlına gələrdi?

- Futbolsuz qala biləcəyim ağlıma gələrdi, amma bunun zədə kimi səbəblərdən dolayı olacağını düşünürdüm. Aktiv oynadığım zaman kənarda qalacağımı düşünməzdim. Onu da gördüm. Amma belə məqamda həqiqətən insan çox şeyin dəyərin bilir.

- Karyerandakı durğunluq kimi "Sabah"a keçidin də gözlənilməz oldu ...

- Həqiqətən hər şey sürətlə baş verdi. İlk günlər əvəzedici komandada məşqlərə başladım. Bir müddət sonra əsas komandaya qoşuldum. Müqavilə təklif edildi və razılığa gəldik. İnanıram ki, həm məşqçilər heyətinin, həm də mənə inanan insanların inamını boşa çıxarmayacam.

- "Sabah" keçidini karyeranı yeni başlanğıc nöqtəsi saymaq olar?

- İnşallah dediyiniz kimi olar. Düşüncə olaraq da elə olacağını fikirləşirəm. Amma necə olacağını zaman göstərər. Hədəflərim var və bütün gücümlə o hədəflər uğrundan çalışacam.

Xanoğlan İmanov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti