"Bağışlayın, mən getdim" deməli idi, demir və deməyəcək

22 Dekabr 2020 15:00 Sabah 989
"Bağışlayın, mən getdim" deməli idi, demir və deməyəcək

«Sabah» Premyer Liqanın ən təminatlı və təhcizatlı 3 klubundan biridir.

Bu münasibətlə Visente Qomezin komandası indi turnir cədvəlinin ilk 3 pilləsində olmalı idi.

Şərait baxımından olmalı olan da yalnız budur. Gəl ki, 12 turdan sonra hamıya aşağıdan-yuxarı baxırlar və bu, qəbuledilməzdir.

İlk turlarda sərgilənən futbolla 12-ci turda nümayiş etdirilən oyun arasında yerlə göy qədər fərq/uçurum yaranıb. Komanda həftədən-həftəyə artırmaq, üstünə qoya-qoya getmək yerinə, sürətli eniş götürüb və bunun nə vaxt bitəcəyi naməlumdur.

Nəinki bizə, hətta baş məşqçinin özünə də.

Qomez ağırlığı qaldırmır. Tənqidləri isə əsassız hesab edib, atır zibil yeşiyinə. Nəyəsə arxayındır. Nəyəsə? Yəqin ki, daşdan keçən UEFA kontraktına.

Hardasa əminliyi əmələ gəlib ki, nəticə nə olursa-olsun, ona dəyib-toxunmayacaq, «get» deməyəcəklər. Odur ki, hər məğlubiyyəti elə-belə də olmalıymış kimi yola verib, heç nə olmamış kimi növbəti həftəyə hazırlaşır.

Hazırlaşır deyəndə ki… Əslində, əşyalarını hələ ilk dövrədən sonra toplamalı, öz istəyi ilə ərizə yazmalı, «bağışlayın, mən getdim» deməli idi.

Deməli idi, bəli. Amma demir və güman ki, bu kəlməni öz xoşu ilə heç vaxt dilə gətirməyəcək.

İspan futboluna xas oyun elementlərini ispaniyalı məşqçinin çalışdırdığı «Sabah»ın ifasında görmürük. Gördüyümüz bunun tam əksidir. Mübarizə əzmi, taktiki gedişlər, başqa-başqa manevrlər haqda isə hələ danışmırıq. Olmayan şeyin nəyindən danışasan?

Rəqibdən asılı olmayaraq «sancılı» futbolu ilə izləyicilərdə məyusluq yaradan komanda, əslində, Qomezin həftə ərzində nə iş görməsini, paltardəyişmə otağında özünü necə aparmasını deşifrə edir: futbolçular ona inanmır, məşqçi kimliyini üst klass görmür.

Bu heyət, bu təminat əksər klublarda yoxdur. Yenə qayıdram o fikrə ki, bu komandanın meydandakı problemi meydandan kənarda problemlərinin olmamasından qaynaqlanır.

Rəhbərlikdə təmsil olunanlar məşqçiyə və futbolçulara heç nədən korluq vermir, yağın içində böyrək kimi bəsləyir. Onlar da oyuna hər gün saat 09:00-da gəlib, 18:00-da evə tələsən sıravi məmur kimi çıxırlar.

Gördükləri işin keyfiyyəti ilə barmaqarası maraqlanıb, ayın sonunda maaşını kəsirsiz alacağına əmin olan işçini görün, ya bunları - eynidilər.

Xəzər Hikmət

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti