Ruslan Abışov "Sabah" və millidən YENİ MESAJLAR VERDİ

12 Dekabr 2020 19:00 Sabah 1 237
Ruslan Abışov "Sabah" və millidən YENİ MESAJLAR VERDİ

"Sabah"ın kapitanı olan mərkəz müdafiəçisi Ruslan Abışov Sportinfo.az-a müsahibə verib.

- Dünyanı bürüyən koronavirus bəlası Azərbaycan Premyer Liqasından da yan keçmədi. "Sabah"da bu baxımdan hazırda vəziyyət necədir?

- Düzdür, gözlənilirdi belə vəziyyətin yaranması. Şükür Allaha komandamızda yoluxanların çoxu sağalıb və artıq məşqlərə başlayıblar. 1-2 futbolçumuz qalır. Ümid edirəm ki, yaxın günlərdə onlar da komandamıza qoşulacaqlar.

- Çox sayda komanda yoldaşında testin cavabı pozitiv çıxdı. Mən də yoluxaram deyə, heç özündə narahatçılıq keçirirdin?

- Açığı, o qədər də narahat deyildim. Çünki hər zaman özümə diqqət edirəm. Qidama fikir verir, özümü soyuqdan qoruyuram. Məncə, bəzi insanlarda bir qədər də psixoloji qorxu yaranmışdı. Adi qrip olanda belə düşünürlər ki, korona tutmuşam. Qarşıdakı müddətdə bir də belə hallarla rastlaşmarıq.

- Uzun müddətli zədədən qayıtdın. Artıq ardıcıl 3 oyun meydanda olmusan. Özünü indi necə hiss edirsən?

- Demək olar bir ilə yaxın rəsmi oyun oynamadım. Zədədən sonra koronavirusa görə fasilə yarandı. Çempionat dayandırıldı. Sonra çempionat bərpa olunanda yenə zədəm oldu. İndi özümü yaxşı hiss edirəm. Oynamaq üçün çox darıxmışdım. İnanıram ki, qarşıdakı turlarda daha da yaxşı formada olacam. Bunun komandamın yaxşı nəticə qazanmasına da təsiri olar.

- Səncə, formanı tam bərpa etmək üçün bundan sonra təxmini neçə oyun bəs edər?

- Artıq özümü yavaş-yavaş yaxşı hiss edirəm. Qarşıdakı iki oyunu da oynasam tam formaya düşərəm. Nə qədər məşq etsək də, oyunun yerini heç nə vermir.

- Ruslan, səndən öncə də "Sabah" stabil çıxış etmirdi. Sən meydanda olduğun 3 görüşdə də mümkün bütün nəticələr - bərabərlik, qələbə, məğlubiyyət qeydə alındı. Stabillik üçün "Sabah"da nə çatmır?

- Stabillik üçün ancaq qol vurmaq lazımdır. Hesabda irəlidə olan komanda hər zaman daha inamlı oynayır. Qol vurmadıqca əksi olar, rəqib inamlı oynayır. Son oyunlarda əldə etdiyimiz qol şanslarını istifadə etsəydik, oyunlar böyük hesablı qələbəmizlə bitərdi. İnanıram ki, qarşıdakı iki oyunda istədiyimiz qolları vurarıq.

- Mövsümün əvvəli "Sabah"dan gözləntilər daha böyük idi. Amma ardıcıl məğlubiyyətlər gəlməyə başladı. Uğurlu çıxış üçün "Sabah" nəyə ümid etməldir?

- Ümid hər zaman var. Lap quyunun dibində olan ən pis vəziyyətdəki komanda belə, hər zaman ümid edir ki, biz bu vəziyyətdən çıxacağıq. Biz də ümidlə yaşayırıq ki, çıxacağıq bu vəziyyətdən.

- Özünü yaxşı hiss etdiyini, formanı bərpa etməkdə olduğunu bildirdin. Artıq milliyə qayıtmaq barədə düşünmək olar?

- Əlbəttə. Bizdə bəzən fikirlər var ki, gəncləşdirmək lazımdır. Bu öz yerində. Mən də bunu dəstəkləyirəm. Amma milli komandada gəncləşdirmə ilə bərabər hazır olan təcrübəli bütün futbolçulara dəvət göndərilməlidir. Fərqi yoxdur, bu futbolçu 18 yaşında da ola bilər, 35 yaşında da. Mən də özümü bu siyahıya daxil edirəm. Millidə oynamaq planlarım var.

- Milli komandamızın DÇ-2022-nin seçmə mərhələsindəki rəqibləri barədə nə düşünürsən?

- Biz heç vaxt qrupdan çıxacağıq deyə iddialı olmamışıq. Əsas baxaq görək milliyə kimlər çağrılacaq. Oyunlar ərəfəsində futbolçuların durumu necə olacaq. Yəqin ki, evdə rəqiblərə baş ağrı ola biləcəyik, amma səfər oyunları haqda bunu demək çətindir. Çünki səfərdə hər zaman milli üçün oynamaq çətin olub. Oyunlar başlasın görək bu dəfə hansı milli komandanı dünya çempionatından məhrum edə biləcəyik (gülür).

Xanoğlan İmanov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti