“Qarabağ”ın futbolçuları Avropa Liqasında böyük şücaət göstərdilər.
Təmsilçimiz büdcədə, keyfiyyətdə, təcrübədə, bir sözlə, bütün imkanlarda qat-qat üstün rəqib olan “Bayer”in önündə əzilmədi.
Bakıdakı 2:2-nin davamı Almaniyada qələbə ilə gələcəkdi. Elvin Cəfərquliyev növbəti dəfə komandasını azlıqda qoyub, digərləri müdafiədə diqqətsizlik etməsəydi, sonluq başqa cür ola bilərdi.
İstənilən halda “Qarabağ” sərgilədiyi oyun və 180 dəqiqə ərzində Bundesliqanın liderinin qapısına 4 qol vurmaqla könüllərə yol tapdı.
Oyun başa çatandan sonra “köhlən atlar”ın bəzi üzvləri sosial media hesablarında paylaşımlar edərək, avrokuboklarda mübarizəni dayandırmağa reaksiya veriblər.
Yassin Benzia: “Gözəl səyahətin ürəkaçan sonluğu. Komandamız və Azərbaycan futbolu üçün etdiyimiz hər şeylə fəxr edirik”.
Abdullah Zubir: “Bütün azarkeşlərə təşəkkür edirik. Bu heyrətamiz komanda ilə fəxr edirik”.
Riçard Almeyda: “Qardaşlar, sizinlə fəxr edirəm. Siz öz oyununuzla Azərbaycanda hər kəsi qürurlandırdınız. Hər şey əla idi, başınızı dik tutun. Əsl döyüşçülərsiniz”.
Mateus Silva: “Qarabağ”ın formasını geyinməkdən qürur duyuram. Hər şey Allahın istədiyi kimi oldu”.
Avropa Liqasının 1/8 final mərhələsində qarşılaşan “Bayer”lə “Qarabağ” arasında Bakıda keçirilən ilk matç 2:2 hesabı ilə başa çatmışdı.
Almanlar “BayArena”da əldə etdiyi 3:2 hesablı qələbə ilə növbəti mərhələyə yüksəldi.
HƏBİB / SPORTİNFO.AZ

