
“Braqa”nı səfərdə məğlub edən, ötən həftə “Bayer”lə Bakıda bərabərə qalan “Qarabağ” bu dəfə də dünyaya səs salmağı bacardı.
Qurban Qurbanovun yetirmələri çətin Leverkuzen səfərində azlıqda qalmasına baxmayaraq, rəqib qapısından 2 top keçirməyə nail olmuşdu.
Almanların matçın əsas vaxtına əlavə olunmuş dəqiqələrdə vurduqları 2 qol olmasaydı, indi daha böyük uğurdan bəhs edərdik.
Sən demə, “BayArena”da keçirilən qarşılaşma təkcə azərbaycanlıların yox, həm də Türk və MDB dövlətlərindəki futbolsevərlərin də diqqət mərkəzində olub.
Sosial şəbəkələrdə Rusiya, Türkiyə, Belarus, Ukrayna, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan kimi ölkələrdən yazılan müxtəlif səpkili şərhləri görmək mümkündür.
Nurik Kerimoff: “Səsim batdı. Tam ürəkdən azərbaycanlı qardaşlarıma azarkeşlik edirdim. Türkmənistandan salam. “Bavariya” azarkeşi olaraq “Bayer”in başına açdığımnız oyun üçün təşəkkür edirəm”.
Leonid Levin: “Afərin, uşaqlar. Bu dəfəki nağıl alınmadı, amma mütləq alınacaq. “Qarabağ”!
Vladimir Kosmin: “Halal olsun, uşaqlar. Partizanlar kimi mübarizə apardınız. Hakim əclaf! Ağıllı, mübariz və keyfiyyətli futbol göstərdiniz. Sizə azarkeşlik edirdik. Yenə qələbələr ümidi ilə. Belarus sizinlədir”.
Davud Maqomedov: “Bayer”in növbəti mərhələyə yüksəlməsi bir azdan yaddan çıxacaq. Amma “Qarabağ”ın göstərdiyi mübarizə və oynadığı futbol uzun müddət xatırlanacaq. “Qarabağ”a bu cür qorxmaz oyuna, Qurban Qurbanova isə qurduğu komandaya görə təşəkkür”.
Jamshid Ziyodullaev: “Qarabağ” özünü Almaniya səfərində möhtəşəm göstərdi. Baş məşqçi yerlidir, bax, bu, çox şeydən xəbər verir. Klub və komanda düzgün istiqamətdə irəliləyir. Hətta azlıqda belə, “Bayer” kimi rəqibin qapısına yol tapmağı bacardılar. Özbəkistandan hamıya assalamu-aleykum”.
Viktor Kurtaev: “Komanda bu şəkildə məğlub olanda adama pis təsir edir. Amma postsovet ölkəsinin təmsilçisi ilə fəxr etməyə dəyər. Bravo, “Qarabağ”!
Kayrat İskakov: “Qarabağ” inanılmaz oyun göstərdi. Azərbaycanlı qardaşlarımızı təbrik edirəm.Möhtəşəm komandanız və keyfiyyətli futbolçularınız var. Qələbələrin davamını görmək ümidi ilə”.
Okan Taşlı: “Qarabağ”ın göstərdiyi oyun və qazandığı nəticələr bütün Türkiyə klublarına dərs olmalıdır. Baxın, adamlar azərbaycanlı məşqçi və futbolçularla Avropada xarüqələr yaradırlar. Siz isə pullarınızı xaricilərə yedirdin. Möhtəşəm idin, “Qarabağ”!
Kaxa Saxeişvili: “Şəxsən “Qarabağ”ın qələbə qazandığını hesab edirəm. Elə məğlubiyyət olmur. Halal olsun, uşaqlar!”
Yuri Dobrovolski: “Qarabağ”ı bu dərəcədə möhtəşəm bilməzdim. Mərhələni adlamağı haqq etmişdilər. Az-maz təcrübə çatmadı. Keyfiyyətli futbol sərgiləyir “Qarabağ”.
Avropa Liqasının 1/8 final mərhələsində qarşılaşan “Bayer”lə “Qarabağ” arasında Bakıda keçirilən ilk matç 2:2 hesabı ilə başa çatmışdı.
Almanlar “BayArena”da əldə etdiyi 3:2 hesablı qələbə ilə növbəti mərhələyə yüksəldi.
HƏBİB / SPORTİNFO.AZ