“Qarabağ”dan ayrılan növbəti futbolçu Dani Bolt oldu.
Braziliyalı oyunçunun yeni klubunun adı məlumdur.
Sağ cinah müdafiəçisi karyerasını Asiyada – Malayziya klubu “Johor”da davam etdirəcək.
Dani yeni klubuna keçidi ilə bağlı “instagram” hesabında paylaşım edib. Adətən bu cür paylaşımlarda futbolçular keçmiş klublarına təşəkkür edir, xatirələrini bir-iki cümlə ilə ifadə edir.
Maraqlıdır ki, Dani “Qarabağ”ın adını çəkməyi özünə rəva bilməyib:
“Bu möhtəşəm klubun bir hissəsi olduğum və karyeramda daha bir qərarı qəbul etdiyim üçün çox xoşbəxtəm. Böyük ambisiya, təvazökarlıq və hər gün çox çalışmaq istəyi ilə gəldim.
Etibarınız üçün hamınıza təşəkkür edirəm. Xüsusilə də mənə göstərilən etimada görə klubun sədrinə və direktoruna. Bu formanı şərəfləndirmək və birlikdə böyük uğurlara imza atmaq üçün əlimdən gələni edəcəyəm.
Qoy bu, zəhmət, qələbələr və titullar hekayəsinin başlanğıcı olsun. Başlayaq”.
Görünür, az şans qazanması “Qarabağ”dan ayrılması braziliyalının ürəyincə olmayıb. Və buna görə də kluba minnətdarlıq etməyi lazım bilməyib.
27 yaşlı futbolçu “köhlən atlar”ın heyətində bütün turnirlərdə meydana çıxdığı 43 oyunda 1 qol və 3 assistlə yadda qalıb.
HƏBİB / SPORTİNFO.AZ
