“Qarabağ”ın gücü  - Yenidən qurulacaq və Avropaya qayıtmağı bacaracaq!

17:40 Qarabağ 230
“Qarabağ”ın gücü  - Yenidən qurulacaq və Avropaya qayıtmağı bacaracaq!

“Qarabağ” 12 il sonra əsas mərhələni görmədən Avropa səhnəsini tərk etdi.

“Tvente”yə məğlub olaraq, 2026/27-ci il mövsümündə avrokuboklarla erkən vidalaşdılar.

Beləliklə, “Qarabağ” 2013/14-ci il mövsümündən bəri ilk dəfə UEFA turnirlərindən birinin əsas mərhələsində təmsil olunmayacaq.

Bu nəticəni “Qarabağ” üçün böyük uğursuzluğun başlanğıcı kimi qiymətləndirmək hələ tezdir.

Bəli, bu, klubun son 12 ildə formalaşdırdığı Avropa davamlılığı baxımından bir addım geriyədir. Amma bəzən uzunmüddətli layihələrdə belə mövsümlər də olur.

İndi ən vacib məsələ emosional reaksiya verməmək, daxili çempionata fokuslanmaq, yeni futbolçulara uyğunlaşmaq üçün vaxt vermək və heyətin real ehtiyaclarını düzgün müəyyənləşdirməkdir.

Avropada bu qədər uzun müddət ardıcıl iştirak edən bir klubun bir mövsümlük uğursuzluğu onun bütün sistemini silmir.

Bir qədər nəfəs almaq, daxili çempionatda ritmi bərpa etmək, yeni futbolçuları komandaya uyğunlaşdırmaq və növbəti mövsüm üçün daha düzgün nəticələr çıxarmaq lazımdır.

“Qarabağ”ın əsas gücü məhz bundan ibarətdir: bir uğursuz gecədən sonra yenidən qurulmağı və Avropaya qayıtmağı bacarmaq.

Bəs Qurban Qurbanov?

Məğlubiyyətdən sonra Qurban Qurbanovun ünvanına səslənən tənqidləri də görürük. Tənqid normaldır. Məşqçi də, futbolçu da, klub rəhbərliyi də nəticəyə görə sual qarşısında qala bilər.

Amma burada bir sərhəd var.

Bir oyunun, hətta bir mövsümün nəticəsinə görə son 12 ildə Azərbaycan futbolunun Avropadakı ən stabil layihələrindən birini qurmuş məşqçini hədəfə çevirmək və bütün məsuliyyəti onun üzərinə atmaq düzgün yanaşma deyil.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti