Leandro Andrade ən qısa müddətdə “Qarabağ”ı tərk edəcək.
Saytımız bu haqda Ağdam təmsilçisindən məlumat alıb.
Redaksiyamıza verilən informasiyaya görə, vinger karyerasını Ukraynada davam etdirəcək.
Cinah yarımmüdafiəçisi “Polessye” ilə razılığa gəlib.
Leandronun “Qarabağ”la 2027-ci ilin yayına qədər müqaviləsinin olması səbəbindən, qarşı tərəf təzminat ödəyəcək.
İki klub arasında davam edən danışıqların sonunda Jitomir klubu “köhlən atlar”ın 2,5 milyin avro verəcək. Həmin məbləğ iki partiyada “Qarabağ“ın hesabına köçürüləcək.
Başqa sözlə, Ukrayna mediasının yaydığı informasiyalar əsassızdır. Əlbəttə, Premyer Liqamızın vitse-çempionu istərdi ki, bu anlaşmadan daha karlı çıxsın.
Amma iddia olunduğu kimi, 5 milyon avroluq kompensasiya danışıqların heç bir mərhələsində müzakirə pridmetinə çevrilməyib. Belə deyək, görüşmələrin gedişində rəqəm o həddə çatmayıb, məbləğ 2,5-3 milyon avro arasında «gedib-gəlib».
Bunun da səbəbkarı Andradenin özüdür. Kabo-verdeli Ukraynaya getmək fikrində israrlı davranıb, daha Azərbaycanda qalmaq istəmədiyini bildirib.
Odur ki, klub ayrılmasına razılıq vermək məcburiyyətində qalıb. Axı birtərəfli məhəbbət olmur. İstək yoxdursa, niyə zorla saxlasınlar ki?
2022-ci ilin yanvar ayından ağdamlıların şərəfini qoruyan 26 yaşlı afrikalı bütün turnirlərdə 213 oyunda meydana çıxmaqla 60 qol vurub, 61 qolun ötürməsini verib.
“Qarabağ” mövsüm başa çatandan sonra Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmaee, Toral Bayramov, Kevin Medina, Fabian Buntiç və Amin Ramazanov ilə rəsmən yollarını ayırıb.
SPORTİNFO.AZ

