«Qarabağ»ın növbəti çempionluq yolunda ağır yara almasının üstündən 8 gün keçir artıq.
Qurban Qurbanov «Kəpəz»ə 0:1 hesablı məğlubiyyətin səbəblərini araşdırıb yəqin, özü və komandası üçün müəyyən nəticələr çıxarıb.
Şübhəsiz, Əli Əliyevin meydanda, Rauf Cabarovun VAR otağında ədalət hissinə tüpürməsi bu matçın nəticəsinə birbaşa təsir etdi.
Kamillo Durana qarşı cərimə meydançası daxilində edilən o kobudluğun qarşılığında penalti fiti çalınsaydı, heç kim hakimlər briqadasının yaxasından yapışıb deməyəcəkdi ki, «Kəpəz»in 3 xalını əlindən aldın.
Amma onlar haqqı nahaqqın ayağına verməklə, özlərini tənqid və təhqirlərin ocağına atdılar.
Bu da aydındır ki, «Qarabağ»ın uduzmasını yalnız həmin fraqmentlə əlaqələndirmək düzgün olmaz.
Duranın yerdə qaldığı anda dəqiqələr 85-i göstərirdi. «Qarabağ»ın ona qədər və ondan sonrakı dəqiqələrdə neçə-neçə qol şansını boşa verməsini xatırlamalıyıq.
Açığı, «Qarabağ»ın Yevlaxa gələnədək çempionluğu itirməsiylə barışması qənaətindəyəm. Bu qarşılaşma, sadəcə, öləziyən ümidə son mismarı vurmuş kimi oldu.
«Qarabağ» fiziki yorğunluqdan əziyyət çəkmir. Belə düşünənlər səhvə yol verir. «Qarabağ» zehinsəl yorğunluğun badına getdi.
Çempionlar Liqasının ağır yükü psixoloji cəhətdən komandadan çox şey aldı. Adətən, boyundan yuxarı tullananda itirilən enerjini heç cür kompensasiya etmək olmur.
Bu acı təcrübə «Real», «Liverpul» və «Barselona»nın timsalında bir çox dünya divinin ayağını büdrədib, qaldı ki «Qarabağ» kimi iki eyni səviyyədə heyəti olmayan komandanı.
MUSA

