UEFA “Qarabağ” üçün Almaniyaya “cəllad” göndərdi

14 Mart 2024 16:40 Qarabağ 10 121
UEFA “Qarabağ” üçün Almaniyaya “cəllad” göndərdi

Avropa Liqasının 1/8 finalında keçiriləcək “Bayer” – “Qarabağ” cavab oyununa hakim təyinatları açıqlanıb.

Matçı İngiltərə Futbol Federasiyasından Entoni Teylor idarə edəcək.

Laynsman qismində ona həmyerliləri Qari Besuiklə Adam Nann kömək edəcək. Dördüncü hakim funksiyasını Endryu Medli yerinə yetirəcək.

Britaniyanın zəngin təcrübəyə malik hakimlərindən sayılan 45 yaşlı referi hakimliyə 2002-ci ildə başlasa da, İngiltərə Premyer Liqasında 2010-cu ildə debüt edib. 2013-cü ildən yaxasında FİFA-nın emblemini daşıyır.

Teylor peşəkar karyerası ərzində nə az, nə çox, 722 oyun idarə edib. Bunlardan az qala yarısı – 364-ü İngiltərə Premyer Liqasına təsadüf edib. 2525 sarı, 131 qırmızı vərəqə göstərib, 230 dəfə qapılara penalti təyin edib. O, ölkəsində cəllad ləqəbi ilə tanınır.

Britaniyalı ədalət təmsilçisi avrokuboklarda 76 matçda iş başında olsa da, indiyə qədər bir dəfə də olsun təmsilçilərimizin oyununu idarə etməyib. Buna baxmayaraq, ölkəmizə səfər etməyə imkan tapıb.

2013-cü ilin martında Azərbaycan millisi Berti Foqtsun rəhbərliyi altında DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Bakıda Portuqaliyanı qəbul edib. Yığmamızın güclü rəqibinə 0:2 hesabı ilə uduzduğu oyunda Entoni dördüncü hakim funksiyasını yerinə yetirib. O vaxt millimizin heyətində yer alanlardan iki nəfər – Maksim Medvedevlə Bədavi Hüseynov bu gün də “Qarabağ”dadır.

Teylor cari avrokubok mövsümündə 7 matç idarə edib ki, bunların 3-də futbolçulara qırmızı vərəqə göstərib. İki halda yolu “Qalatasaray”la kəsişib. Biri “Molde”ylə səfər qarşılaşmasında, digəri “Sparta Praqa” ilə Çexiyadakı oyunda.

Xatırlayırsınızsa, “Sparta” – “Qalatasaray” görüşündə ingiltərəli hakim Kaan Ayhanı qırmızı vərəqə ilə meydandan qovmuşdu.

“Bayer”lə “Qarabağ” arasında Respublika stadionunda keçirilmiş ilk qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Martın 14-dəki cavab görüşü Bakı vaxtı ilə gecə 12-də start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti