COP29

”Qarabağ”la anlaşan ulduz: ”Məndən məşqçiyə müəyyən sözlər çatdırırdılar”

21 Mart 2023 19:20 Qarabağ 4 484
”Qarabağ”la anlaşan ulduz: ”Məndən məşqçiyə müəyyən sözlər çatdırırdılar”

O, bu ilin dövrələrarası transfer dönəmində Azərbaycan Premyer Liqasının ən səs-küylü keçidlərindən biridir.

Çünki karyerası ərzində yalnız Fransa və İngiltərədə çıxış edib, 2017-ci ildə Fransa klubu “Monako”ya, bir il sonra isə oradan İngiltərə təmsilçisi “Haddersfild”ə 10 milyon avro qarşılığında transfer olunub. Söhbət vaxtilə Fransanın U-21 yığmasının da formasını geyinmiş “Qarabağ”ın futbolçusu Adama Diakabidən gedir.

Ölkəsi Fransada “Kan” klubunun yetirməsi olan 27 yaşlı vinger karyerası ərzində, həmçinin, “Renn”, “Amyen” və İngiltərə “Nottingem Forest”inin formasını geyinib. 2022-ci ilin yayında “Amyen”dən ayrılan Diakabi bu ilin yanvarında azad agent kimi “Qarabağ”la 2,5 illik müqavilə imzalayıb.

Fransa vətəndaşı olmasına baxmayaraq, əslən Seneqaldan olan hücumameyilli oyunçunun bu ölkənin millisini seçmək hüququ da var.

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın heyətində Premyer Liqanın üçüncü dövrəsinin 3 oyununda meydana çıxan Adama Diakabi “report”a müsahibəsində bir sıra məsələlərdən danışıb.

- İki dəfə yüksək məbləğə transfer edilən bir futbolçunun Azərbaycana gəlməsi bir qədər gözlənilməz oldu. Maraqlıdır, “Qarabağ” variantı necə yarandı və danışıqlar zamanı tərəflər əsasən nəyə önəm verdilər?
- Müəyyən müddət yaşıl meydanlardan uzaq qaldığım üçün yenidən futbol oynamaq, bu idman növündən zövq almaq istəyirdim. Həmin anda “Qarabağ”dan təklif alanda düşündüm ki, yenidən o günləri yaşamaq üçün bu komanda mənə uyğundur. Menecerimlə klub arasında danışıqlar çox rahat keçdi. Sözün düzü, digər detallara varmaq istəmirəm. Çünki elə də çox məsələ müzakirə olunmadı. Əsas istəyim futbol oynamaq idi. “Qarabağ”ın da bu baxımdan ən ideal variant olduğunu düşündüyümdən, təklifi qəbul etdim.

- Təklif alarkən Azərbaycan və “Qarabağ” barədə hansısa məlumatınız var idi?
- Təbii ki, məlumatım var idi. Çünki bir il əvvəl də “Qarabağ”ın düşərgəsinə gəlmişdim. Bu klub o vaxtdan mənimlə maraqlanırdı. Burada gördüklərim məni yaxşı mənada təəccübləndirdi. Əvvəldən Abdullah Zubiri də tanıyırdım. O, “Qarabağ”dakı idarəçilik, struktur başda olmaqla hər şey barədə müsbət fikirlər səsləndirmişdi. Üstəlik, özüm də əvvəldən görmüşdüm. Zubirin sözləri qərarımı qətiləşdirməyimə, keçidə rahatlıqla razılıq verməyimə kömək oldu.

- Fransa və İngiltərə kimi futbol ölkələrində oynamış biri olaraq nisbətən tanınmamış yerdə çıxış etməkdə tərəddüd etmədiniz?
- Xeyr, qətiyyən tərəddüd etmədim. Qərarımda tam əmin idim. Bayaq da dediyim kimi, həm klubu tanıyırdım, həm də Zubirin sözləri seçimimdə həlledici rol oynadı. Burada məşqçi heyətinin, texniki heyətin iş prinsipi çox xoşuma gəlir. Yenidən əvvəlki formamı bərpa etməyim üçün əllərindən gələni edirlər. Onların bu əziyyətini görürəm. İnanıram ki, mənə olan etimadlarını tez bir zamanda doğruldacağam.

- 2017-ci ildə Fransanın U-21 yığmasında çıxış etmisiniz. Sonradan karyeranızda yaşanan eniş nə ilə bağlı oldu?
- Doğrudur, Fransanın U-21 yığmasında oynamışam. Əslində, mənim üçün yaxşı təcrübə oldu. Düşünürəm ki, karyeramın çiçəklənən dövrü çox erkən başladı. İlk illərimdə hər şey möhtəşəm davam edirdi. Ola bilsin ki, sonradan yanlış seçimlər etdim. Müəyyən səhvlərə yol verdiyimi etiraf edirəm. Baş verənlərlə bağlı məsuliyyəti öz üzərimə götürürəm, bundan qaçmıram. Bəzən kimlərsə oynadığım komandalarda məndən məşqçiyə müəyyən sözlər çatdırırdılar. Düzü, bu, məni o qədər də maraqlandırmırdı. Bunların hamısı arxada qalıb, artıq çox dəyişmişəm. Xarakterimin yaxşı mənada dəyişdiyini düşünürəm. Ümumiyyətlə, özümü açıq fikirli hesab edirəm. Bəzən düşündüyümü deyirəm. Sonradan anladım ki, xüsusən də, futbolda bu, yaxşı hal deyil.

- Azərbaycan çempionatı ilə artıq tanışsınız, müəyyən təəssüratınız var. Premyer Liqanın səviyyəsi sizi qane edir?
- “Qarabağ”ın hələ ötən mövsümdəki bir çox oyunlarını izləmişəm. Azərbaycan çempionatında bəzi matçların müəyyən hissələrinə baxmışam. Çempionat maraqlı keçir. Ancaq daha çox öz komandam haqda danışmaq istərdim. Burada hər şey ürəyimcədir. Baş məşqçinin yanaşmasını çox xoşlayıram. Müqavilə bağlayandan sonra aramızda danışıq olanda mənə çoxlu pozitiv mesajlar ötürdü, məsləhətlər verdi. Qurban Qurbanov mənə necə etimad göstərdiyini, komandanın mənimlə necə oynaya biləcəyini bildirdi. Bu baxımdan özümü rahat hiss edirəm. Onun inamını tezliklə doğrultmaq istəyirəm. Bilirəm ki, “Qarabağ”ın adını Avropada daha yüksəklərə qaldıra bilərik. Komandada bu potensialı görürəm.

- “Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində mübarizəni dayandırdı. Sizcə, turnirdə yolunuza davam etmək üçün nə çatmadı?
- Belçika klubu “Gent”lə pley-off oyununu özüm də hərdən xatırlayıram. “Qarabağ”ın heyətində avrokuboklarda ilk matçım idi. Xüsusən də, Bakıdakı ilk qarşılaşmada 1:0 yox, ən azı 2:0 hesabı ilə qalib gəlməli idik. Bunun üçün şanslar var idi, istifadə etməli idik. Belçikada da pis oynamadıq. Ümumiyyətlə, hər iki matçda “Gent”dən üstün oyun sərgilədik. Təəssüf ki, sonda penaltilər seriyası ilə məğlub olduq. Bunlardan nəticə çıxarmaq və irəli baxmaq lazımdır. Ümid edirəm ki, gələn mövsüm avrokuboklarda nəticələr daha yaxşı olacaq.

- Bir neçə oyunda iştirak etsəniz də, yenidən zədələndiniz. Hazırkı durumunuz nə yerdədir?
- Zədədən sonra hazırda sağlamlığımı bərpa etməklə məşğulam. Etiraf edim ki, bu, yeni zədə deyil. Təxminən bir il əvvəl ciddi zədə almışdım, ayağımda sınıq var idi. Sonradan geri dönsəm də, həmin ağrını hiss edirdim. Əslində, hər şey o qədər də pis deyildi. Elə dəhşətli ağrım yox idi. Bir çox matçlarda bu zədə ilə iştirak etmişdim. Yəni əvvəlki zədəmi tam müalicə etməmişdim. Antalyada yoldaşlıq görüşlərində iştirak etdim, “Gent”lə hər iki matçda meydana çıxdım. Belçikadakı cavab görüşündən sonra ağrılar şiddətlənmişdi. Belə davam etmək gücündə deyildim. Bu ağrılarla oynamaq mənim üçün çətin idi. Komandadakı tibbi heyətlə birlikdə qərara aldıq ki, zədəni tamamilə sağaldaq, problem birdəfəlik aradan qaldırılsın. İndi özümü yaxşı hiss edirəm. İdman zalında bərpa üçün çox çalışdım, artıq meydanda işləməyə başlamışam. Fikrimcə, zədə artıq geridə qalıb. Tez bir zamanda fiziki durumumu qaydaya salmalıyam.

- Martın 26-da Türkiyə klubu “Qalatasaray”la keçiriləcək yoldaşlıq görüşündə sizi meydanda görə biləcəyik?
- Hər kəs bu oyun barədə danışır. Xeyriyyə görüşü olsa da, Bakı Olimpiya Stadionunda maraqlı mübarizə alınacaq. Şou xarakterli matç keçirməklə Türkiyədə faciədən əziyyət çəkənlərə müəyyən mənada dəstək vermiş olacağıq. Məncə, oyuna hazıram və meydana çıxmaq imkanım olacaq. Çünki zədəm, demək olar ki, tam sağalıb. Çempionatın qalan oyunlarına hazır olmaq üçün bu görüşdə iştirak etmək mənim üçün yaxşı olardı. Baş məşqçinin qərarından asılı olacaq. Çempionat matçları öncəsi “Qalatasaray”la qarşılaşmada çıxış etmək pis olmaz.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"