
“Qarabağ”ın “Olimpiakos”la oyununda Leandro Andradenin adı nəinki “11-lik”də, ümumiyyətlə, iştirak ərizəsində yox idi.
Çempionatın son 3 matçında, eləcə də “Olimpiakos”la Yunanıstandakı görüşündə əsas heyətdə yer alan 23 yaşlı futbolçku bu dəfə qarşılaşmanı kənardan izləyirdi.
Halbuki Leandro olsaydı, Qurban Qurbanov bəlkə də son oyunlardakı “11-liy”ə sadiq qalıb Ramil Şeydayevi sonrada döyüşə atacaqdı.
Andrade “Qəbələ” ilə oktyabrın 9-dakı görüşdə 27-ci dəqiqədə zədələnib yerini İsmayıl İbrahimliyə vermişdi. Çox güman, bu dəfə adının iştirak ərizəsində olmamasının səbəbi də aldığı xəsarət imiş.
Klubun mətbuat katibi Gündüz Abbaszadə ilə əlaqə saxlayıb, yarımmüdafiəçinin durumu ilə maraqlananda məlum oldu ki, Kao-Verde millisinə də dəvət olunan yarımmüdafiəçi ayağında ağrılar hiss etdiyi üçün Qurban Qurbanov “Olimpiakos”la matçda risk etmək istəməyib.
Lakin hazırkı vəziyyəti normaldır, yəni zədəsi ciddi deyil. Növbəti oyunlarda meydana çıxmasında problem olmayacaq.
Leandro Andrade cari mövsümdə “Qarabağ” formasında meydana çıxdığı 14 matçda 1 qol vurub, 7 assist edib. O, cari mövsümdə komandasının ən çox məhsuldar ötürmə verən futbolçusudur.
HƏBİB / SPORTİNFO.AZ