“Qarabağ” işin yarısını gördü, bəxt də üzünə gülümsəsəydi...

18:00 Qarabağ 215
“Qarabağ” işin yarısını gördü, bəxt də üzünə gülümsəsəydi...

«Qarabağ» dünən Çempionlar Liqasında yeni mövsümün üçüncü oyununu keçirdi.

«Şelburn»u 3:0 və 1:0-la üstələyərək üçüncü mərhələyə vəsiqə qazanan Azərbaycan çempionunun «Şkendiya» ilə səfər qarşılaşması gözləniləan məcrada alındı.

«Qarabağ» top üzərində hakimiyyətini böyük ölçüdə təmin etdi, ev sahiblərinin qapısı önündə lövbər çəkdi, çoxsaylı qol epizodları yaratdı və…

Futbola ədalət hökm etsəydi, bu qarşılaşma 5:2, yaxud 6:3 bitməli idi.

Təəssüf, «Qarabağ» dişi, dirnağı, taktikası və sürəti ilə yaxaladığı real fraqmentlərlə tablodakı rəqəmləri tez-tez dəyişə bilmədi.

Toral Bayramovun penalti qoluyla qələbəyə sevinmək də, əslində, yaxşı nəticə sayılmalıdır.

Hər halda Skopyedən 1:0-la dönmək Bakıdakı cavab matçı öncəsində «Qarabağ»a mühüm dvident qazandırdı.

«Şkendiya» hər dişdə sınan «qozlar»dan deyil. FKCB-ni qitənin ən mötəbər tunirindən uzaqlaşdıran komandaya yuxarıdan-aşağı baxmaq olmaz, qətiyyən!

Rumıniyanın ən məşhur klubuna ağıllı oyunla həm evdə, həm də səfərdə qalib gələn, müxtəlif variantlarla düşünülmüş əks-hücumlara çıxa, topun hərəkət traektoriyasını sürətlə dəyişə, irəlidə çoxala bilən «Şkendiya»dan danışırıq, onlara «elə-belə komandadır» deyə bilmərik.

Gül kimi komandadır. «Qarabağ» bizi illərdir böyük qələbələrə öyrəşdirib deyə, belə rəqibləri aşağılarda görməməliyik.

Zamanında «Neftçi» və «Sumqayıt»ı Avropa Liqasından uzaqlaşdırmış «Şkendiya» indi daha güclü, daha iddialı və daha iştahlıdır.

Şimali Makedoniya çempionu Azərbaycan Premyer Liqasında yarışsa, bir ayaqla ikinci yeri tutar.

İki ayağını da bir başmağa dirəsələr, birincilik uğrunda mübarizədə «Qarabağ»ın yuxusunu ərşə çəkərlər. Mən ölkə çempionatında bu cür komandaların olmasını çoxdan arzulayıram.

Biz «Qarabağ»ın baş məşqçisinə, onun köməkçilərinə və futbolçularına təşəkkür etməliyik. Ki, «Şkendiya» kimi hikkəli rəqibə yeni mövsümün ilk məğlubiyyətini yaşatdı.

Rumınlarla oyunlarda müdafiə planında əla təsir bağışlayan «Şkendiya»nın qapısı önündə yaradılan qol epizodlarını muncuğa düzən «Qarabağ»a bəxt də bir balaca yardım etsəydi, nə gözəl olardı…

Eybi yox, bu duelin Bakı pəncərəsi var hələ qarşıda. “Qarabağ” artıq işin yarısını görüb, qalıb o biri yarısı.

Onu da ki, gərək azarkeş etsin.

Gələn həıftə “Tofiq Bəhramov”u tam doldurmaqla, sosial şəbəkələrdə futbolçuları dəstəkləməklə, rəqibi istər tribunada, istərsə də “virtual dünya”da təzyiq altına almaqla.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti
5 Avqust 23:40 “Bu, məni qorxutmur”