Yəqin ki, Qurban Qurbanov buna da bir əncam çəkər - Günahkar Nərimandır?

14:20 Qarabağ 552
Yəqin ki, Qurban Qurbanov buna da bir əncam çəkər - Günahkar Nərimandır?

Cari mövsüm UEFA Çempionlar Liqasında qələbə seriyasını davam etdirən "Qarabağ" növbəti uğurunu Şimali Makedoniyada qazandı.

Bu tskildə keçirdiyi üç matçda qapısında qol görməyən Ağdam təmsilçisi 1:0 hesablı qalibiyyətlə tarixində ilk dəfə qarşılaşdığı "Şkendiya" ilə cavab oyunu öncəsi üstünlük əldə etdi.

Pley-offun qapısını aralayan Qurban Qurbanovun komandası öyrəşdiyimiz kimi - yay fasilələrindən sonra zamanla artırır, relsə düşür, sistemi bərpa edir.

İş olan yerdə çatışmazlıqlar hər zaman var. Amma sanki bu dəfə vəziyyət bir qədər fərqli, qarışıqdır.

Xüsusilə hədəf bir nömrəli klub yarışı sayılan Çempionlar Liqasında Liqa mərhələsidirsə...

Məsələn,

- Biz Nərimandan nə istəyirik?

- Musa nə etməlidir?

- Toral niyə artırmır?

- Və.s.

Bizim Nəriman Yamaldır, ya Musa Haalanddır, Toral da Arda Gülər? Olanımız-olmayanımız budur da. Nəyimiz varsa da, budur. Yoxdursa da, budur. Problem arxayınlıqda, tənbəllikdədir!

Bugünlərdə "Qarabağ"ın prezidenti Tahir Gözəl açıqlamasında təxminən demişdi ki, transfer məsələsində kisəni açmışıq, Qurban hoca nə desə, o.

Təbii ki, Qurban Qurbanov Nərimanın da, Musanın da, Toralın da, Elvinin də hansı səviyyədə futbolçu olduğunu bizdən yaxşı bilir. Sözün yaxşı mənasında, əlinin altında böyüyüblər.

Əminik ki, xoca legioner futbolçu axtarışlarını, seçimlərini davam etdir-etdirə həm də ümid bəsləyir ki, bəlkə bu boşluqdan yararlanan Nəriman, Musa, Elvin və Toral kimi miilli üzvləri bəlkə artırar, daha çox inkişaf edər, Azərbaycan futboluna daha çox töhfə verərlər və.s.

Dostlar, "Qarabağ"ın problemi Nəriman və ya Musanın aşağı səviyyədə oynaması deyil axı. Elvin də həminki deyil, Toral da həmçinin. Ümidimiz böyükdür ki, mövsümün əvvəlidir, komanda indi-indi toparlanır və çox şey gözlədiyimiz yerlilər artırıb yenidən yaxşı formaya düşəcəklər.

Bəs Zubir? Kadi? Leandro? Kaşşuk?

Biz "Qarabağ"ın Avropada uğur qazanmasını çox istəyirik. "Qarabağ" rəhbərliyi bunu bizdən də çox istəyir.

Gəlin, realist olaq - Qurban Qurbanov bundan sonra Zubirə, Kadiyə və ya Leandroya oynamağı öyrətməlidir?

Sizi əmin edirik, məsələn, 2018-ci ildən komandada olan, artıq uzun müddətdir kapitanlıq sarğısı daşıyan Zubir indiyədək heç vaxt bir oyunda bu qədər real qol şansı qazanmamışdı.

Təcrübəli legioner dünən azı 4 epizodda 100-də 100 qol şansını boşa verdi, Nəriman nə etsin?

Kadi sanki "ulduz xəstəliyi"nə tutulub, penaltini qapıçının üstünə vurur, meydanın mərkəzində yersiz hərəkətlər edib sarı vərəqə alır - Musadır günahkar?

Leandronun ayağı əsir, topa gücü çatmır - səbəbkar Elvindir, ya Toral?

"Güvəndiyimiz dağlar" ayılıb özünə gəlsin, sonra Nərimandan, Musadan, Toraldan yapışarıq.

Zatən Çempionlar Liqasının əsas mərhələsində oynamaq istəyən komandaya azı iki əla hücumçu lazımdır, təkrarçılıq etmək istəmirik.

Qapı xətti narahatlığımız yavaş-yavaş aradan qalxır, müdafiə özünü doğrultmaqdadır (xüsusən Mateus və Medina ideal təsir bağışlayır), yeni transferlər, o cümlədən yarımmüdafiə də perspektivə nikbin baxmağa əsas verir, qalır ön xətt - vuran ayaq, qolçu, bitirici.

Yəqin ki, Qurban Qurbanov buna da bir əncam çəkər (mediasport.com.az).

Digər Xəbərlər
Xəbər Lenti