"Azərbaycanla oyunda başımızı divara vuracağıq"

9 Mart 2020 16:42 Qadın futbolu 907
"Azərbaycanla oyunda başımızı divara vuracağıq"

"Ağır oyun olacaq. Rəqib müdafiədə yaxşı təşkilatlanmış komandadır".

Sportinfo.az xəbər verir ki, bu fikirləri qadınlardan ibarət Polşa yığmasının baş məşqçisi Miloş Stempinski martın 11-də Bakıda Azərbaycan millisi ilə keçirəcəkləri AVRO-2021-in seçmə oyunu barədə danışarkən deyib.

35 yaşlı mütəxəssis bildirib ki, səfərdə qol vurmaq çətin olacaq: "Rəqib boş zona verməmək üçün üzərimizə çox gəlməyəcək və bizə müqavimət göstərəcək.

Buna görə də qol vurmaq çətin olacaq. Moldova ilə qarşılaşmadan fərqli olaraq, Bakıda 5:0 hesablı qələbə qazanmayacağıq. Başımızı divara vuracağıq".

M.Stempinski ən azı minimal hesablı qələbə üçün sonadək mübarizə aparmalı olduqlarını vurğulayıb: "Qarşıdakı oyunda heyətlə bağlı bir neçə dəyişiklik olacaq. Çünki bəzi futbolçular Moldova ilə matçda gözlədiyimdən zəif oyun göstərdilər.

İspaniya hücum bölgəsində başla bizdən daha yaxşı oynayır. Evdə Azərbaycan üzərində 4:0 hesablı qələbə qazansalar da, əziyyət çəkdilər.

Azərbaycan yığmasına heç olmasa, 1 qol vurmaq üçün çox çalışmalıyıq. Qızlara öz qapısından 30 metr məsafədə müdafiə olunan rəqibi udmağın yolunu göstərə bilərəm.

Amma komandalar bu məsafəni 15 metrə kimi azaldanda vəziyyət çətinləşir. Bunun üçün kiçik sahədə oynamağı bacarmalısan".

Martın 11-də "ASK Arena"da keçiriləcək Azərbaycan - Polşa oyunu saat 18:00-da başlayacaq. Çexiya, Moldova, Polşa və İspaniya ilə birgə D qrupunda yer alan yığma seçmə mərhələdəki ilk matçında səfərdə pireneylilərə 0:4 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti