Vüqar Əsgərli və Dadaş Dadaş oğlu Dadaşlinski - REPLİKA

11 Oktyabr 2019 12:48 Qadın futbolu 1 461
Vüqar Əsgərli və Dadaş Dadaş oğlu Dadaşlinski - REPLİKA

Teleməkanda çox maraqlı veriliş açılıb. Dadaşlinski Dadaş Dadaş oğlunun aparıcısı olduğu "3D" layihəsini izləməmiş deyilsiz. Aparıcı robot olsa da, qonaqları canlıdı. Elə demək olar, özü də. Baxmayaraq ki, idarə olunur, amma əksər canlılardan seçilmir. Məsələn, hidrometeorologiya üzrə elmlər namizədi, "havanın qənimi" Vüqar Məmməd, yaxud ağzını havaya açıb danışan Vüqar Əsgərli...Tərslikdən də hamısı Vüqardı.

Amma əməlləri, daha doğrusu, işləri heç də vüqarlı deyil. Məmməd haqda uzun-uzadı danışmayacam. Küləyi, yağışı bəhanə edən adam niyə məşqçi olsun ki? Əsgərli isə...hə, bu yerdə adam özünü gic gülməkdən güclə saxlayır.

Deməli, bu əfəndi qızları da başına toplayıb getmişdi uzaq Pireney yarımadasına - əsas mərhələsi bu il Gürcüstanda keçiriləcək U-19-ların Avropa çempionatına çıxmaq üçün. Çıxmaq deyəndə...əşşi, nə çıxmaq e, sürünə-sürünə geri qayıtdılar.

Şablon - bizdə futbol olmayıb, yoxdur, olmayacaq da. Xüsusən qadın futbolundan söz açırıqsa, bilmirəm, bunun nəyindən danışaq. Bir halda ki, kişi futbolu bərbad gündədi. Amma yox!

Niyə? Çünki Elxan Məmmədovun ən etibarlı adamlarından biri - Vüqar Əsgərli müəllim sentyabrın 27-də Sportinfo.az saytına verdiyi açıqlamada bu seçmə mərhələ ilə bağlı o qədər iddialı danışmışdı, o qədər ki, az qalırdı yarışsonrası pişvazına çıxaq, gül-çiçəklə qarşılayaq.

Sitat: "Bilirik ki, çətin qrupa düşmüşük. Ancaq məqsədimiz qrupdan çıxmaqdır. Futbolçuları da elə kökləmişik, mütləq qələbə lazımdır. Komandamızın potensialı ikinci yerlə qrupdan çıxmağa imkan verir. Söhbətimiz olub, heç-heçədən qəti danışmamışıq, ancaq qalib gəlməyi tapşırmışıq. Baxmayaraq ki, Portuqaliya ilə heç-heçə də hardasa bizi qane edə bilər. Favorit Almaniyaya qarşı yaxşı mübarizə aparmalıyıq. Bu ildən 3-cü yeri tutan ən yaxşı 4 komanda növbəti mərhələyə vəsiqə qazanacaq".

Xəbəri olmayanlar üçün xatırladım:

Azərbaycan - Portuqaliya 0:6

Azərbaycan - Almaniya 0:6

Azərbaycan- Albaniya 1:0

Möhtərəmin verdiyi bu açıqlamanı indi qoyub qabağına hönkür-hönkür ağlamayasan, nə edəsən? Başına-gözünə döyməmək üçün başqa bir səbəb deyin, bilim. "Komandamızın potensialı qrupdan ikinci yerlə çıxmağa imkan verir" nədi, sən Allah? Bəy, "Baxmayaraq ki, Portuqaliya ilə heç-heçə də hardasa bizi qane edə bilər. Favorit Almaniyaya qarşı yaxşı mübarizə aparmalıyıq" - sən Həzrət Abbas, bunları kim əzbərlətdirmişdi? Nə, hansı heç-heçə, 0:6 ? Haay?...

3 ən yaxşı qrup üçüncüsü də növbəti mərhələyə vəsiqə qazanırdı. Hanı? Allah sizi biabır eləsin, heç olmasa, danışanda az da olsa, həqiqətə yaxın gələn sözlər işlədin də. Məcburdu ki, Elxan Məmmədov necə əzbərlətdirir, elə danışasız? Duud-duud, bu nömrəyə zəng çatmır...

Elə Portuqaliya və Almaniyadan 12 cavabsız qol yeyəndən sonra Əsgərli müəllimə "vatsapp"da yazmışdım ki, "Bəs nətəhər olacaq, axı demişdiz iddialıyıq-filan?" Arıqlamaq, çəki salmaq, depressiyadan çıxmaq istəyənlər və.s. müəllimin cavabını mütləq oxusun, əzbərləsin, üzünü çıxarıb cibində gəzdirsin, aradabir stəkana salıb suyunu içsin, çünki çox vacib, qızıldan dəyərli sözlər var cavabda: "Bildiyiniz kimi turnir ərəfəsində qrafik sıx olduğundan vaxt məhdudiyyəti var. Ona görə də Bakıya qayıdandan sonra turnir haqqında mümkün qədər geniş məlumat verməyə çalışacıq"...

Nə məlumat, hansı turnir? Rəhmətliyin nəvəsi, nəinki qrupdan çıxdın. Nəinki qrup ikincisi, heç qrupun ən yaxşı üçüncülərindən də ola bilmədin. Əvvəlki açıqlama ilə reallıq arasında, cəhənnəm, bir damcı həqiqət göstərin, başqa heç nə istəmirik. Bir neçə ay əvvəl müəllim gözündən əməliyyat edilmişdi, Allah şəfa, can sağlığı versin. Amma adam gözüylə gördüyünü danışmalıdı. Guya, "Portuqaliyada yalnız bacardığımızı edəcəyik" desəydiz, dərinizə saman təpəcəkdilər? Onsuz Elxan Məmmədov da bilirdi ki, Pireney yarımadasından əliniz ətəyinizdən uzun qayıdacaqsız...

Elvin

Digər Xəbərlər
Xəbər Lenti