“Live Your Goals” (Öz məqsədlərini yaşat) layihəsi ilk dəfə 2011-ci ildə Almaniyada keçirilən FİFA Qadınlararası Dünya Kuboku ərəfəsində həyata keçirilib. Azərbaycanda “Live Your Goals” (“Öz məqsədlərini yaşat”) silsilə tədbirləri 2012-ci ildən keçirilir və növbəti festival Lənkəran şəhərində “Xəzər Lənkəran” Mərkəzi Stadionda baş tutub.
Layihənin tətbiqində məqsəd qadın futbolunun kütləviliyinin artırılması, qızların futbola cəlb olunması, onların futbolla mütəmadi şəkildə məşğul olmasına zəmin yaradılması, xüsusilə bölgələrdə qadın futboluna marağın artırılmasıdı.
7-14 yaş arası 79 nəfər qızın qatıldığı tədbirdə U-15 və U-17 yaşadək qızlardan ibarət milli komandanın baş məşqçisi Siyasət Əsgərov, U-17 yaşadək qızlardan ibarət yığmanın qapıçısı Elvira Əsgərzadə, veteran futbolçu, Lənkəran UGİM-in direktoru Fazil Əsədov, həmçinin Lənkəran şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Asif İmanlı, Lənkəran şəhər Gənclər və İdman idarəsinin rəis müavini Elbəy Fətəliyev və Cənub RFF-nin prezidenti Sakin Məmmədzadə iştirak ediblər.
Stadionun direktoru Hüseyn Cəbrayıloğlu Sportinfo.az-a bildirib ki, arenadan istifadə müqabilində AFFA-dan pul almayıblar: “Bizə zəng vurub, 1 günlük yer istədilər. Aramızda maliyyə söhbəti olmayıb. Həvəskarlar Liqasında mübarizə aparan “Masallı“ da ötən dəfə meydançamızdan pulsuz istifadə elədi. “Qobustan“ı 6:1 uddular. Gələn dəfə də gəlib burda oynamaq istəsələr, stadionun qapılarını təmənnasız orlaraq üzlərinə açacağıq“.

