COP29

AFFA bir kluba görə Premyer Liqanı qurban verməlidir?

19 Sentyabr 2023 11:40 Premyerliqa 1 524
AFFA bir kluba görə Premyer Liqanı qurban verməlidir?

Gəncədə yenə alım bir-birinə dəyib.

“Kəpəz” Premyer Liqanın 6-cı turunla “Səbail”dən ikinci topu buraxan kimi tribunalardan “istefa”, “istefa” şüarları eşidilməyə başladı.

Hətta klubun mühafizə xidmətinin rəhbəri də azarkeşlərin səsini batıra bilmədi. “Səbail” az sonra 3-cü qolu da vurub, Bakıya asan qələbə ilə döndü.

Gəncədə işlər qaydasında deyil. Tərlan Əhmədov açıqlamaları ilə hər nə qədər özünü biabır etsə də, Allah tərəfi, onun dövründə komanda normal futbol oynayırdı. “

Səbail”lə görüşdə isə “Kəpəz” həvəskar komandanı xatırladırdı. Yeli azarkeşlərin bir dərdi-problemi var idi ki, komandanın baş məşqçisi gəncəli olsun.

Axır ki, məqsədlərinə çatdılar. Azər Məmmədov sükan arxasına gətirildi, lakin narazılıqlar, etirazlar bununla da bitmədi.

İndi də İdarə Heyətinin sədri İlqar Nadirinin istefaya göndərilməsi ilə bağlı kampaniya aparılır.

Ölkənin ikinci böyük şəhərinin klubuna neçə vaxtdır ki, sponsor tapılmır. Əslində, bu məsələdə iş adamlarını qınamağa da dəyməz.

Sponsorlar sağlam, heç bir söz-söhbət olmayan, normal mühit formalaşmış yerə yatırım etməyə üstünlük verirlər. İndiki “Kəpəz”ə isə heç kim yaxın durmaq istəmir.

Kim təminat verir ki, sabah azarkeşlər nəticə zəif olan kimi həmin sponsoru da istefaya çağırmayacaq?

İndi Gəncədə hara gedirsən, yalnız bir kəlimə eşitmək mümkündür: “Bu boyda şəhərin komandası birinci liqaya düşməməlidir”.

Əgər komanda sonuncu yeri tutursa və bütün rəqiblərindən zəif nəticə göstərirsə, Premyer Liqanı niyə tərk etməsin? “Kəpəz”in “Şamaxı”dan fərqli statusu yoxdur.

Əsl komediya məhz mövsümün sonunda, “Kəpəz” axırıncı yeri tutsa, başlayacaq. AFFA hər tərəfdən təzyiqlə üzləşəcək ki, Gəncə klubu Premyer Liqada qalsın.

Gəncəlilər AFFA-dan kluba sponsor tapılmasını gözləyir. Amma federasiyanın işi klublara sponsor cəlb etmək deyil axı.

Federasiya Gəncədə əla şəraiti olan akademiya tikdi, bu yaxınlarda da açılışı gözlənilir. Digər tərəfdən, iki məşq meydançası da “Kəpəz”in ixtiyarına verilib.

“Kəpəz” Premyer Liqanı tərk etsə, yəqin ki, hər kəs birinci növbədə “bəs akademiya” sualını verəcək. “Bu cür bina tikilib ki, komanda I liqaya düşsün?” tezisi ilə çıxış edəcəklər.

Amma akademiya olmur, lap super şəraitə malik arena da istifadəyə verilsə, idman prinsipləri sonadək qorunmalıdır. Fərq etməz, sonuncu yeri kim tutacaq, “Kəpəz”, “Qəbələ” və ya başqası.

Çempionatın əsasnaməsinə sonadək əməl olunmalı, heç kimə güzəştə gedilməməlidir. Yalnız bu yolla Azərbaycan futbolunu bir brend kimi az da olsa qaldıra bilərik.

AFFA və Peşəkar Futbol Liqasının idman prinsiplərinin qorunmasıyla bağlı mövqeyi düzgündür və çox istərdik ki, bu, dəyişməsin, həmişə belə qalsın.

Futbolun ədaləti birinci elə bundan başlayır və görünsə ki aidiyyatlı təşkilatlar klublar arasında ayrı-seçkilik etmir, hamıya eyni gözlə baxır, çempionata maraq və diqqət daha da artacaq, təmiz rəqabət inkişafa səbəb olacaq, yersiz polemikaların kökünü kəsəcək.

Bizə də elə bu lazım deyilmi? İlqar Nadiri, Azər Məmmədov və ya bir qeyriləri öz işinin öhdəsindən gəlmirsə, AFFA və PFL onlara görə ölkənin futbol həyatına gətirmək istədiyi yeni düzəni pozmamalıdır.

Ümumi strategiya fərdlərin, subyektlərin maraqlarına, fərsizliyinə qurban verilməməlidir. Elxan Məmmədovun vaxtında həmişə belə oldu, iyrəncliklər baş alıb getdi, indən sonra belə olmasın, bəsdir ta!

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!