Premyer Liqada fasilə bitir, yeni simalar bizi gözləyir - SİYAHI

15 Sentyabr 2023 15:00 Premyerliqa 723
Premyer Liqada fasilə bitir, yeni simalar bizi gözləyir - SİYAHI

Milli komandaların oyunlarına görə Premyer Liqada yaranan iki həftəlik fasilə bu gün başa çatır.

5 turu arxada qoyan klublar bu həftə 6-cı turun matçlarına çıxacaq.

Mövsümün başlamasına, “transfer pəncərəsi”nin bitməsinə baxmayaraq klublar fasilə müddətində heç də boş dayanmadı.

Təmsilçilərimiz nə az, nə çox 9 yeni transferlə gücləndirə bildi.

Bu tur bizi gərgin oyunlarla bərbər, həm də yeni simaların gözləməsi baxımından maraqlı olacağını indidən ehtimal etmək olar.

Bəs kimdir onlar?

"Qarabağ" – Ağdamlılar uzun fasilədən sonra yeni mətbuat katibinə bu günlərdə qovuşdu. Klub 13 ildi “Qəbələ”nin uğurları üçün çalışan Anar Hacıyevi boş qalan posta gətirdi. Hacıyevin bacarığına, insanlığına yaxından tanış olan biri kimi onun keçidini indidən uğurlu hesab etmək olar. Görünən odur ki, “Qarabağ”ın vakant posta uzun zaman çək-çevir etməsinə dəyərmiş. Hacıyevin yeni iş yerində debütü bu tura təsdüf edəcək.

“Neftçi” – Aktiv transfer çalışmaların davam etdirən təmsilçimiz yaranmış fasilədə də boş dayanmadı. “Ağ qaralar” iki yeni sima ilə gücləndi. Argentinalı forvard Lukas Melano ilə 2 illik anlaşma imzalandı. 16 nömrəli formada çıxış edəcək hücumçunun karyerası yalnız yerli klublarla bağlı olub.

Rusiyalı sol vinger Reziuan Mirzovla isə 1 illik müqavilə bağlandı. 30 yaşlı yarımmüdafiəçi 22 nömrəli formada çıxış edəcək. Karyerasın bütünlüklə vətənində keçirən Mirzov 2017/18 mövsümündə “Tosno” ilə Rusiya kubokunun qalibi olub. 2018/19 mövsümündə isə ölkə çempionatının 33 ən yaxşı futbolçusu siyahısına düşüb.

“Sabah" – Yay fasiləsində Aleksey Kaşuk və Con Ley Mikels kimi aparıcı futbolçularını itirən klub da aktivliyini göstərə bildi. Sabiq “Qalatasaray”lı Cesse Sekidika 2+1 illik müqaviləyə imza atdı. 27 yaşlı nigeriyalı 70 nömrəli formada adından söz etdirməyə çalışacaq. O, karyerası ərzində Serbiyanın “Napredak” (2015-2018), Türkiyənin “Eskişehirspor” (2018-2020), “Qalatasaray” (2020-2021), “Konyaspor” (2021), “Eyüpspor” (2022), “Ümraniyespor” (2023) və Belçikanın “Leven” (2021) klublarında oynayıb.

Yamaykalı vinger Kahim Parris Ukraynanın “Dinamo” (Kiyev) klubundan icarəyə götürülüb. İcarə müqaviləsinin müddəti cari mövsümün sonuna kimidir. Anlaşmaya əsasən, təmsilçimiz mövsümün sonunda 23 yaşlı futbolçunu transfer etmək hüququna malik olacaq.Kahim karyerası ərzində Yamaykanın “Kavalier” (2017-2019), Sloveniyanın “Domjale” (2019/2020), “Krka” (2020-2021), “Koper” (2021-2022) klublarında çıxış edib. Futbolçu 2022-ci ildən Ukraynanın “Dinamo” (Kiyev) klubunun üzvüdür. Yamayka millisinin də üzvü olan vinger yığmada 10 matç keçirib.

Parris “Sabah”da 28 nömrəli formada çıxış edəcək. Parris digər yenilərdən fərqli olaraq “Sabah” formasında ilk matçına çıxıb və qol da vurub. Bu, “Turan Tovuz”la yoxlama görüşünə (2:3) təsdaüf edir. Görək, rəsmi oyunlarda da bunun davamını gətirmək mümkün olacaqmı.

Hücumçu İshak Belfodil də bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq. Əlcəzairli futbolçu ilə 2+1 illik müqavilə bağlanıb.

Belfodil karyerası ərzində Fransanın “Lion” (2009-2011), İtaliyanın “Bolonya” (2011/2012), “Parma” (2012/2013, 2014/2015), “İnter” (2013), “Livorno” (2014), BƏƏ-nin “Bani Yas” (2015/2016), Belçikanın “Standard” (2016-2017), Almaniyanın “Verder” (2017/2018), “Hoffenhaym” (2018-2021), “Herta” (2021/2022) və Qətərin “Al-Qarafa” (2022/2023) klublarında çıxış edib. İshak Əlcəzair millisində 19 oyun keçirib, 2 qola imza atıb. Yeni transfer “Sabah”da 14 nömrəli formada çıxış edəcək.

“Sumqayıt” - “Kimyaçılar” Şimali Makedoniyanın "AP Brera" klubunun futbolçusu Kristian Velinovski ilə 2 illik müqavilə imzalayıb. 24 yaşlı cinah oyunçusu "18" nömrəli formada çıxış edəcək. Kristian Velinovski karyerası ərzində Şimali Makedoniyanın "Breqalnitsa" və "AP Brera" klublarında çıxış edib. Velinovski Şimali Makedoniyanın 21 yaşlılardan ibarət milli komandasına da dəvət alıb.

“Turan Tovuz” – Qərb təsmilçisi Toqolu futbolçu Emmanuel Hakman ilə 1+1 illik müqavilə bağlayıb

Karyerası ərzində Portuqaliyada "Boavişta", "Aveş", "Portimonense", "Jil Visente"nin formasını geyinən müdafiəçi son olaraq Serbiyada "Mladost"un şərəfini qoruyub. Hakman Toqo millisinin heyətində 8 oyunda meydana çıxıb.

“Qəbələ” - Samuel Tetteh ilə 2 mövsümlük müqavilə imzalanıb. 27 yaşlı qanalı hücumçunun son klubu “Adanaspor” olub. 2021-ci ildən Türkiyə təmsilçisində forma geyinən forvard icarə əsasında “Bandırmaspor”da (2023) da çıxış edib. Tetteh karyerası ərzində Qanada VAFA (2014-2016), Avstriyada “Lieferinq” (2016-2017), “Red Bull” (2017-2021), LASK (2018-2020, icarə), “Sankt-Polten” (2021, icarə), ABŞ-da “Nyu-York Red Bull” (2020, icarə) klublarının şərəfini qoruyub.

Qananın U-20 yığmasında da oynamış hücumçu 2015-ci ildən ölkəsinin əsas millisində debüt edib. O, bu komandada 8 matçda 1 qol vurub.

Gördüyünüz kimi, klublarımız əllərini çırmalayıb, əməlli-başlı güclənə bilib.

Yenilərin karyerası kifayət qədər diqqət çəkəndir.

Arxadakı 5 turla bundan sonrakı turlar arasında ciddi fərq görsəniz təccüblənməyib.

Əgər yenilər onlara olan ümidləri doğrulda bilsə.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 O gün olsun ki...