PFL “Qarabağ”lının iradına cavab verdi: “Bu, Kadinin fikirlərinə əsasən olmayacaq”

10 May 19:40 Qarabağ 469
PFL “Qarabağ”lının iradına cavab verdi: “Bu, Kadinin fikirlərinə əsasən olmayacaq”

“Azərbaycan çempionatlarında yüzlərlə futbolçu var və hər birinin öz fikri ola bilər.

Onlar öz fikirlərində azaddırlar”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) media və marketinq direktoru Sənan Abdullayev deyib.

Xatırlayırsınızsa, bir müddət öncə “Qarabağ”ın futbolçusu Azərbaycan kubokunun final matçının vaxtından gileyləşnmişdi.

Braziliyalı istirahət üçün vaxtın az olduğunu deyərək, həlledici görüşü mayın 31-nə yox, bir neçə gün əvvələ təyin etməyin mümkünlüyündən danışmışdı.

PFL rəsmisi mövzu ilə bağlı detallı danışıb:

“Peşəkar Futbol Liqası olaraq, hər hansı futbolçunun açıqlamalarına əsasən davrana bilmərik. Çempionatın PFL tərəfindən təsdiqlənmiş təqvimi var və klublar bunu izləməli, ona riayət etməlidirlər.

Özünüz də bilirsiniz ki, təqvim uzun müddət müzakirə olunur, bütün detallar nəzərdən keçirilir və ictimaiyyətə açıqlanır.

Burada klublarımızın avrokuboklardakı çıxışı, milli komandanın oyunları, qış fasiləsi və digər məqamlar nəzərə alınır.

2008-ci ildən bu yana, yəni PFL yaranandan ölkə kuboku yarışlarının çempionatdan daha öncə bitməsi təcrübəsi yoxdur. Bunun da səbəbləri var.

Bəli, Avropada kuboku çempionatdan daha tez bitən ölkələr az deyil. Biz də buna cəhd etmişik, amma klubların mövsümün ortasında oyun günü və istirahət balansının tənzimlənməsi baxımından tətbiq etməmişik.

Özünüz də uzun illərdi bu sahədəsiz və bilirsiniz ki, PFL hər zaman yeniliklərə açıqdır. Həmişə yeni proseslərlə ayaqlaşmağa çalışılıb.

Növbəti mövsümdə reallaşdıra bilsək, bu təbii ki, Kadinin fikirlərinə əsasən olmayacaq. Növbəti mövsümdən 12 komandalı çempionatda oyun sayı artsa da, tur sayı artmayacaq. Ona görə istisna deyil”.

Maraq üçün bildirək ki, illərdir Azərbaycan kubokunun final matçı may ayının son günlərində, ya da iyunun əvvəlində keçirilir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 O gün olsun ki...